Cəmiyyət

“Ailəmi evdən çıxardı, mənzilə də həbs qoyublar…” – ÖZBAŞINALIQ!

Bakı şəhəri sakini Əsgərov Kamil Balay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş şikayət edir ki, Pirallahı rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış məhəlləsindəki mənzil xəbər verilmədən əlindən alınıb. O vurğulayır ki, Mənzil İstismar İdarəsi əlaqə yaratmadan, bildiriş göndərmədən evi boşaldır.

Ailə fərdlərinin hərəsi müxtəlif səbəblərə görə, qısa müddətlik fərqli yerlərdə məskunlaşıb. İcraçılar sözügedən ünvanda yaşayışın olmamasını arqument gətirib. Şikayətçi deyir ki, onu və yaxınlarını məhkəmə iclasına çağırmadan, iştirakları olmadan, qərar verilib ki, ev boşaldılsın:

“Mən, Əsgərov Kamil Balay oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Ağdam rayonundan olan məcburi köçkünəm. 2019-cu ilin 14 avqust tarixində mənə dövlət tərəfindən Pirallahı rayonunda məcburi köçkünlər üçün tikilmiş binalardan birindən 3 otaqlı mənzil verildi. 4 nəfər ailə üzvlərimlə birlikdə orada yaşayırdıq.

İşim olmadığından, hamı kimi, mən də tikinti işlərində işləmək üçün Rusiyaya gedirəm, iki qızıma çörəkpulu qazanıram. Hazırda Moskva şəhərində fəhlə olaraq fəaliyyət göstərirəm. Mənzil Kommunal İstismar Sahəsinin, yəni “JEK”in rəhbəri, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri ilə əlbir olub ailəmi evdən çıxardı, mənzilə də həbs qoyublar.

Mən hər il işləmək üçün ölkə xaricinə çıxanda uşaqlarım orada tək qalmasın deyə müvəqqəti rayona göndərirdim. Qızımın biri təzəlikcə ailə qurub, digəri də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olub deyə ora getdi. Yoldaşımın anası xərçəng xəstəsidir deyə, o da valideyninə tez-tez baş çəkir, ona baxır. Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur.

İndi oranı satmaq istəyirlər. Sizdən çox çox xahiş edirəm, ailəmə kömək edin. İşimlə əlaqədar olaraq hələ ki, gələ ölkəyə bilmirəm. 2 ay sonra Azərbaycana qayıdacağam. Ailəm çöllərdə qalıb. Bizə heç bir xəbərdarlıq edilməmişdi. Özəri məhkəmə iclası keçirib, özləri də ailəmi evdən qovdular”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin Pirallahı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Maniyev Feyzulla Hurriyyet.az saytına verdiyi açıqlamada bildirir ki, Əsgərov Kamil Balay oğlu mənzildən uzaqlaşdırılması ilə bağlı əvvəlcədən xəbərdar edilib. O, vətəndaşın irəli sürdüyü bütün iddiaların əsassız olduğunu bildirir:

“Bura məcburi köçkünlər üçün salınan kompleksdir. Onlara müvəqqəti məskunlaşmaq üçün mənzil verilib. Daimi qeydiyyatları və evləri yoxdur. Ancaq Nazirlər Kabinetinin konkret müqavilə forması var. Orada da qeyd olunub ki, 3 aydan artıq üzrsüz səbəbdən mənzildə yaşayış olmasa, məhkəmə qaydasında həmin mənzil boşaldılır. Mən mənzili boşaltmıram. Bizim rəhbərimiz olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə bu haqda məlumat verirəm. Qərarı onlar qəbul edirlər deyə məhkəməyə müraciət edirlər-etmirlər, onların işidir.

Vətəndaş iddia edir ki, onları xəbərdar etməmişik. Yalandır. Məhkəmə qərar verib, elə özü qəbul edib. Biz prosesə heç bir müdaxilə edə bilmirik. Həmin departamentdən də yəqin ki, məhkəməyə müraciət ediblər, iddia qaldırıblar, sübut olunub ki, o mənzildə yaşayış yoxdur. Mən özüm Mənzil Kommunal İstismar Sahəsinin rəisiyəm, daim mənzilləri nəzarətdə saxlayıram ki, hansında yaşayış var, ya yoxdur, bilim. Yaşayış yoxdursa, belə çıxır ki, həmin məcburi köçkünün yaşayış yeri var, mənzilə ehtiyacı yoxdur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə hər gün mənzil üçün müraciət edənlər olur. Bəzisi var, pis vəziyyətdə yaşayır, qaldığı yataqxana yanıb və s. Komitədə hazırda mənzil tikintisi yoxdur. Çünki işğal olunan torpaqlarımız geri alınandan sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin hamısı Əmək və Əhalinn Sosial Müdafi Nazirliyinin öhdəliyinə keçdi. O şərtlə ki, şəhid ailələri və qazilərə təhvil verilsin”.

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov izah edir ki, mənzil vətəndaşa icarəyə verilibsə, müqaviləyə əsasən, alına bilər:

“Belə başa düşürəm ki, həmin mənzil ailənin mükiyyətində deyil, sadəcə istifadəsindədir, icarəsindədir. Buna görə də icarə müqaviləsinə baxmaq lazımdır. Oradakı şərtlərdən asılı olan bir məsələdir. 3 aydan çox bir müddət ərzində sözügedən mənzildə yaşayışın olmadığı yazılıbsa, boşaltmalısan. Belə məqamda vətəndaş haqlı deyil. Bu təfərrüatları bilmədən fikir yürütmək çətindir.

Ümumilikdə, baş verənlər icarə müqavilələrinə xas olan ünsürdür. Özü də vətəndaş pul da vermirsə, prinsipcə qarşı tərəf evi onun əlindən ala bilər. Misal olaraq, torpaq məsəlsində belə bir şey var. Dövlət torpağı verir, istifadə etmirsənsə, geri alır. Yəni dövlət haqlıdır.

Əkrəm Həsənov deyir ki, vətəndaşın onunla bağlı məhkəmə iclasında iştirak etməsi mütləqdir:

“Məhkəməyə çağırılmaması düzgün deyil. Çünki vətəndaşa dair məhkəmə prosesi varsa, ora dəvət edilməlidir. Bəlkə də həmin mənzilə bildiriş göndərilib, o da orada yaşamayıb. Ona görə, xəbəri olmayıb.

Məhkəmə qərarı alınan gündən vətəndaşın 1 ay vaxtı var ki, Bakı Apellyasiya Məhkəməsinə şikayət üçün müraciət ünvanlasın. Haqlıdırsa, bu zaman sübut edə bilər”.

Paylaş: