Şəkidə Oxud sakinləri DAD DEYİR… rəsmilərsə… – “Bizlik bir iş yoxdur axı, pul ayrılmalıdır…”
Şəki rayonunun Oxud kəndində yollar çox pis gündədir. İş o yerə gəlib çatıb ki, artıq kənd sakinləri yollardakı son vəziyyətlə bağlı Moderator.az-ı tez-tez xəbərdar edirlər. Səbrləri tükənən kənd sakinləri çıxılmaz vəziyyətdə qalıblar. Vəziyyət çox acınacaqlıdır. Yolların pis vəziyyətdə olması onların təsərrüfatına da, heyvandarlıq sahəsinə də mənfi təsir göstərib.
Moderator.az-a açıqlama verən kənd sakinləri bildiririlər ki, problemləri ilə maraqlanan yoxdur.
“Yollarımız biyabırçı vəziyyətdədir. Yol demək olmaz. Çay yağıb, yolları su basıb. Dəfələrlə yığışıb, Oxud kənd İcra nümayəndəliyinə getsək də, bizə bir cavab verən olmayıb. Yollarımızın bu vəziyyətə düşməsi son aylarda yağan yağışlarla bağlı deyil. 10 ildən çoxdur ki, bu əzablara qatlaşırıq. Sadəcə olaraq son illərdə yağan yağışlar bərbad yolları bir az da bərbadlaşdırıb” deyə kənd sakinləri bildirib.
Şəki rayonu, Oxud kənd İcra nümayəndəsinin sədri Oruc Əhmədov Moderator.az-a açıqlamasında bildirib ki, Oxud kəndinin yolları dövlət proqramına salınıb.
“Layihə və smeta sənədi hazırlanıb. Pu ayrılmalıdır, yollar abadlaşdırılmalıdır. Nə vaxt olacağını dəqiq deyə bilmərəm. Hətta Şəki Rayon İcra Hakimiyyətinin də məsələdən xəbəri var. Kənd sakinlərini bu problemlə bağlı Bakıya, Şəkiyə qəbula da göndərmişəm. Səyyar qəbulda bu məsələni mən qaldırıb demişəm. Kənd sakinləri bildirib ki, mən onları qəbul etmirəm. Bütün günü otaqda oluruq, kim olsa bizim qəbulumuza gələ bilir. Kimsə gəlib dala qayıtmayıb. Bu ağ yalandır. Bizlik bir iş yoxdur axı! Onlar 5 dəfə həmin yolla gedib-gəlirlərsə, mən 10 dəfə gedirəm. Mən də istəyirəm ki, yollarımız düzəlsin” deyə sədr bildirib.