Mütəmadi olaraq qalmaqallı xəbərlərlə medianın gündəminə gələn “Pilot-16” MMC-nin inşa etdiyi “Elevan Park” yaşayış kompleksinin tikinti meydançasından dəhşətli görüntülər yayılıb.
Yaşayış kompleksinin tikildiyi Novruzov qardaşları küçəsinin sakinləri Editor.az-a bildiriblər ki, şirkətin tikinti təhlükəsizliyi qaydalarına əməl etməməsi və ərazidə müvafiq normalara uyğun tikinti meydançası yaratmaması səbəbindən onlarla ailənin həyatı təhlükə altındadır: “Havanın qeyri-sabit, küləkli olduğu zamanlarda şirkətin tikdiyi binadan böyük ölçülü tikinti materialları, ağır daşlar vətəndaşların və avtomobillərin hərəkət etdiyi yola, eyni zamanda sakinlərin birbaşa evlərinin həyətinə tökülür. Binadan tökülən tikinti materialları və ağır daşlar dəfələrlə maşınlara, insanların evlərinə zərər verib. Bəzi sakinlər sadəcə xoşbəxtlikdən başlarına düşən daşların qurbanı olmayıblar”.
Nəsimi rayon sakinləri qeyd edirlər ki, onlar yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət ediblər: “Nazirliyin əməkdaşları əraziyə bir neçə dəfə baxış keçirib şirkət rəhbərliyinə xəbərdarlıq etsələr də, “Pilot-16″ MMC-nin rəhbəri Aslan Quliyev buna məhəl qoymayıb. Müxtəlif qurumların çoxsaylı tələblərinə baxmayaraq ağır tikinti işləri sakinlərin yaşadığı evlərin 5-10 metrliyində aparılır və heç bir qoruyucu sədlər təşkil olunmayıb. Burada insanların həyatını itirməsi an məsələsidir. Gecəmiz-gündüzümüz yoxdur. Təəssüflə qeyd etməliyik ki, Nəsimi rayon İcra Hakimiyyəti sakinlərin probleminə tam biganə yanaşır”.