Cəmiyyət

İsmayıllıda sakinlər ÇARƏSİZ DURUMDA – Rəsmilərsə deyir ki…

Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllının Qalacıq kəndindən keçən Səngərçay üzərindəki asma körpünü sel dağıdıb. Amma bir neçə gün keçsə də, hələ də yararsız hala düşən körpü bərpa edilməyib. Bu barədə Meydan TV-yə Qalacıq kəndinin sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, körpü təhlükəli vəziyyətə düşdüyündən gediş-gəliş çətinləşib. Onlar məcburiyyət qarşısında dağılmış körpünün üzərindən keçirlər ki, bu da hər an çaya düşmə təhlükəsi yaradır.

Qalacıq sakini Əli Ağayev deyib ki, yağış yağan kimi çayda suyun səviyyəsi və axını güclənir. Qarşı tərəfə çaydan keçməklə gedə bilirlər.

“Cavanlar ayaqqanılarını çıxarıb çaya girirlər, az qala boğazlarına qədər suyun içində çayı keçirlər, sonra bir də daşlardan tuta-tuta diki qalxırlar. Bəs yaşlılar, uşaqlar, qadınlar neyləsinlər?”-sakin deyib.

Ağayevin sözlərinə görə, vəziyyətdən əlaqədar qurumların hamısı xəbərdardır, amma nədənsə, tədbir görməyə tələsmirlər. Hava isə avqust ayına baxmayaraq hələ də yağışlıdır.

Kənd sakinləri deyirlər ki, əsasən çayın son sahilində yaşayanlar kəndin əsas hissəsinə gələ bilmirlər. Ərzaq mağazaları, inzibati binalar isə çayın sağ tərəfində yerləşir. Avtomobili olanlar uzun məsafə qət edərək kəndin mərkəzinə, oradan da rayon mərkəzinə gedə bilirlər. Amma avtomobili olmayanlar çətinlik çəkirlər.

Sakinlər deyiblər ki, körpünü bir neçə il əvvəl çoxsaylı şikayətlərdən sonra onların köməyi ilə tikiblər. Sentyabrda hava yenidən pisləşəndən sonra körpünün tikintisi yenidən təxirə salınacaq.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan.TV-yə bildiriblər ki, məsələdən xəbərdardılar, körpünün dağılması ilə bağlı aidiyyatı qurumlar tədbirlər görəcək. (Meydan TV)

Paylaş: