Avqustun 9-da təbliğat-təşviqat kampaniyasının başlamasından sonra 4 il ortada görünməyən bəzi namizədlər yenidən görünməyə başlayıb. Onlardan bəziləri deputat kürsüsündə bundan sonra da kök salmaq istəsə də, bəziləri öz yerini gənclərə verməklə özlərinin “səxavətli” addım atmış olduğunu bir növ xalqa göstərməyə çalışırlar.
Əlbəttə ki, xalqın gözü tərəzidir və bu millət 30 illik müstəqillik tariximizdə Milli Məclisdə bir kəlmə də olsun danışmayan, onların dərdlərinə çarə tapmayan deputatları çox yaxşı tanıyır. Elə onların övladlarını da…
Yenicag.az-ın parlament seçkiləri ilə bağlı başlatdığı marafonda bu gün Milli Məclisin qocaman deputatı sayılan Fəzail Ağamalı və onun qızı Günay Ağamalı barədə araşdırmanı təqdim edəcək.
29 illik parlament təcrübəsi olan Ana Vətən Partiyasının sədri 6 çağırış parlamentdə təmsil olunduqdan sonra nədənsə, özünə “dayan” deməyi bacarıb. Lakin maraqlısı budur ki, cənab Ağamalı dayansa da, formal olaraq bundan sonra da deputatlıq fəaliyyətini davam etdirəcək. 77 yaşlı sabiq parlamentari bu dəfə mandatını qızını hədiyyə vermək niyyətinə düşüb. Fəzail bəy parlamentə olan “eşqindən” vaz keçməyərək, bu dəfə qızının deputat eləmək niyyətindədir.
Bundan əlavə, Fəzail Ağamalının ölkədə “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevlə yanaşı da adı dəfələrlə hallanıb. Hətta onların adlarını bərabər yazdıqda Mehdiyevin vəzifədə olduğu dönəmlərə aid fərqli fikirlərə rast gəlirik. Həmin fikirlərdən bəzilərini isə xatırlatmağa dəyər:
“Ölkədə həyata keçirilməsi gözlənilən dəyişikliklərə qarşı hər hansı müqavimət istisna edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz geniş məqaləsində də qeyd etdiyi kimi, əqidəsində müəyyən problemlər olan, tutulan yola sədaqət nümayiş etdirə bilməyən, fəaliyyətində yeniliyi ortaya qoymağı bacarmayan, tükənən məmurlar yeni komandada yer ala bilməyəcək. Hesab edirəm ki, Ramiz Mehdiyevin bu məsələyə aidiyyəti yoxdur. Ramiz Mehdiyev heç vaxt istəməz ki, dövlət qurumları və məmurlar arasında bu cür gərgin münasibətlər olsun”,– deyə cənab Ağamalı bir zamanlar söyləyib.
Xülasə, onun siyasi karyerası, deputatlıq dövrü və gilasın qiymət ilə səsləndirdiyi sensassional fikirlərə toxunub oxucularımızı yormaq istəmirik. Necə deyərlər, keçənə güzəşt… Bizim üçün bu gün maraqlı olan şəxs Fəzail müəllimin öz yerini qızına vermək istəməsidir. Bəli, Günay Ağamalı mediada bir o qədər də tanınan şəxs olmayıb. Əsasən, atasının partiyasında vəzifə tutan, arabir saytlarda açıqlamaları ilə çıxış edən Günay xanım bu dəfə atasının “şotuna” kartlarını açıq oynayaraq, Milli Məclisin deputat kreslosunun əzəmətini də dadmaq istəyir.
Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı ixtisasca psixoloqdur. O, eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.
Dövri mətbuatda gedən məlumatlara görə, paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşən, ümumi sahəsi isə 617,24 kv.m obyekt xanım Ağamalıya aiddir. Yəni deputat olmaq istəyən Günay xanım həm geniş imkanlara, həm atası tərəfindən ciddi maddi-siyasi dəstəyə sahibdir.
Xanım Ağamalını mediada “məşhur” edən hadisə isə rəhbərlik etdiyi bağçada verən və ölkədə ajiotaj yaradan hadisələr olub. Bununla bağlı mediada gedən yazını olduğu kimi təqdim edirik:
“Qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” bağçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi.
Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası F. Ağamalının mövqeyini də qınamış və bağça müdirini isə özbaşınalığa görə ittiham etmişdi:
“Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır”.
Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, xanım Ağamalı dəxli olmadığı halda, Ümumrusiya Peşəkar Psixoterapiya Liqasının üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?
Beləliklə, Günay Ağamalının müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olmasının səbəbi gün işığı kimi üzə çıxır. Halbuki, Salyan və digər rayon sakinləri onu heç tanımırlar və daha layiqli namizədə səs verəcəklərini bildiriblər.
Qısacası, baş verənlər mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Onları başa salmaq lazımdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.
Mövzunu davam etdirəcəyik…
Yenicag.az