Azərbaycanda növbədənkənar parlament seçkilərinin yeni mərhələsinə start verilib. Vaxtilə kiminsə və nəyinsə hesabına Yeni Azərbaycan Partiyasının (YAP-ın) siyahısında peyda olan namizədlərin bəziləri yenidən mandat almaq üçün mübarizəyə başlayıb. “Mübarizə” deyəndə onların seçkiqabağı təşviqat-təbliğat zamanı əsas işləri öz ətrafında olanların dostdan-tanışdan yığdığı insanların qarşısında çıxış etmək, ya da hansısa nənələrin əlini öpmək və s.-dən ibarət olur.
Beləcə son 4 ildə ölkə parlamentində heç bir fəaliyyəti nəzərə çarpmayan, seçicilərlə görüşməyən indiki deputat-namizədlər yenə düşüblər rayonlara, kəndlərə və elə bir rəy yaratmaq istəyirlər ki, guya indiyə qədər xalq, sadə camaat üçün çalışıblar. AzToday.az xəbər verir ki, həmin deputatlardan biri də 71 saylı Cəlilabad şəhər seçki dairəsindən namizəd Malik Həsənovdur.
Deputat olduğu dövrdə susqunluğu ilə seçilən bu şəxsin adından son illərdə mediada analitik yazılar peyda olurdu. Deputat mandatından istifadə edərək biznesini genişləndirməklə məşğul olan M.Həsənovun qazandığı pullardan ayırıb yazı yazdırmağı qəribə görünmür. Qəribə görünən odur ki, M.Həsənovun mediada dərc edilən çoxsaylı məqalələrinin heç birində seçicilərlə görüş, onların problemlərinin həlli yolları əks olunmurdu. Bu da o deməkdir ki, yenidən seçilsə, Malik Həsənov guya siyasi şərhçi kimi yenə də özünüreklamla məşğul olacaq.
Hakim partiyanın siyahısında yenidən namizəd kimi irəli sürülən Malik Həsənovun kimliyinə gəlincə, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri, hazırda Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri işləyən Kərəm Həsənovun qardaşıdır. Vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edən zaman, 2006-cı ildə K.Həsənovun yaratdığı “Azinko Holdinq” tikinti şirkətini məhz Malik Həsənov idarə edib. Prezidentin köməkçisinin şirkətlə rəsmi əlaqəsi olmasa da, biznes dairələrində çox yaxşı bilirlər ki, “Azinko Holdinq”in sahibi məhz K.Həsənovdur. Cəmi bir il sonra şirkətə M.Həsənovun rəhbər təyin edilməsi də “Azinko Holdinq”in Həsənov qardaşlarına aid olmasını təsdiqləyir. Belə ki, M.Həsənov rəsmi olaraq 2007–2010-cu illərdə “Azinko holdinq” tikinti şirkətinə rəhbərlik edib. İndi də şirkət onun nəzarətindədir. O, 2010-cu ildən biznes fəaliyyətinə formal olaraq son verib və həmin il deputat seçilib. Şirkət Bakı şəhərinin müxtəlif yerlərində yaşayış kompleksləri tikib, eyni zamanda dövlət əhəmiyyətli bir sıra layihələrin icraçısıdır. Bu holdinqin ən məşhur işlərindən biri Abşeronun şərqində, Bilgəh qəsəbəsində dəniz sahilində 9 hektar sahədə “Jumeirah Bilgah Beach Hotel” hotel kompleksinin inşasıdır.
Kərəm Həsənovun qardaşı Malik Həsənov deputat olsa da, qardaşının vaxtilə ələ keçirdiyi obyektləri o işlədir. Onların rayonlarda və ölkə üzrə böyük biznes imkanları var. Həsənov qardaşlarının Bakı şəhərində xeyli obyektləri, daşınmaz əmlakları var. Mediada gedən məlumatlara görə, “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. Vaxtilə yanğın baş verən Dənizkənarı Milli Parkda Hökumət Evi ilə üzbəüz yerləşən “Sevgilim” adlı kafe də onlara məxsus olub.
Kərəm Həsənovun qardaşı, 71 saylı Cəlilabad şəhər seçki dairəsindən namizəd olan və el arasında “Hacı” kimi tanınan deputatın fəaliyyətindən Cəlilabadda narazılığın olduğunu, deputatlığının hakim partiya üçün faydasızlığını YAP-ın rəhbərliyində də bilirlər, lakin nədənsə (yəqin qardaşına görə) ondan yenə də üz döndərmədilər.
Bəzi məlumatlara görə, deputat rayona gedəndə camaat üzünə çıxa bilmir. İndiyə qədər hər hansı fəaliyyətinə rast gəlinməyən biznesmen-deputat seçiciləri ilə də görüşmür. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır.
Səbəb?
Milli Məclisdə çıxış etməməsi, xalqın səsini, istəyini, problemlərini çatdırmaması, habelə qardaşı Kərəm Həsənovla birlikdə Rafiq və Fərhad Əliyev qardaşlarına etdikləridir. Daha bir məsələ, Cəlilabadın keçmiş icra başçısı, şəriki Əziz Əzizovla işbirliyidir. Cəlilabadın əsas gəlirli obyektləri və istehsal müəssisələrini Əzizov Malik Həsənovla birgə işlədirdi. Daha sonra Yasamala icra başçısı gedən Əziz Əzizovla obyekt məsələsində ciddi narazılıqlarının da olduğu deyilirdi.
Beləliklə, Hacı Malik artıq 14 ildir (IV, V, VI çağırış) Milli Məclisin deputatıdır. Yəni 14 ildir ki, parlamentdədir, amma Cəlilabad camaatı deputatın üzünü seçkidən-seçkiyə görür və onların sözlərinə görə, Malik Həsənov avqustdan 31-dək görünəcək, sonra yenə 4-5 il onu tapmaq mümkün olmayacaq. Buna baxmayaraq, ciddi rəqibi olmadığı üçün onun yenidən mandat sahibi olacağı ehtimalı yüksəkdir. Ancaq bu bir həqiqətdir ki, M.Həsənovun yenidən deputat seçilməsi bu xalqa, Cəlilabad camaatına heç bir xeyir gətirməyəcək. Sadəcə olaraq, qardaşının hesabına Milli Məclisdə lövbər salan, faydalı iş əmsalı sıfır olan yararsız deputat öz biznesinə nəzarəti davam etdirəcək. Vəssalam… (AzToday)