Cəmiyyət

Seyid Rasim Ağa bu dəfə də CƏDDİNƏ ARXAYINDIR… – Nə təbliğat aparır… nə də görüş keçirir…

Bir neçə namizəd kimi, Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı olmuş Rasim Musabəyov seçiciləri ilə görüşmək istəmir.
Hər halda onun bu istiqamətdə fəaliyyəti görünmür.1 sentyabr tarixində VII çağırış Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqatına sentyabr ayının 9-dan start verilməsinə baxmayaraq, Rasim Musabəyovun seçiciləri ilə görüşü hələ ki, müşahidə edilmir. Bəlkə də biz bilmirik – deyib, internet üzərindən axtarış verdik, amma yenə seçicilərlə görüşlərinə dair bir məlumata rast gəlmədik.

Qeyd edək ki, o, kimə güvənir, mat-məəttəl qalınası məsələdir. Üç çağırış Milli Məclisə deputat seçilən Rasim Musabəyov 2010, 2015 və 2020-ci ildə 18 saylı Nərimanov, Nizami seçki dairəsindən parlamentdə əyləşdirilib. 74 yaşlı politoloq müstəqil olaraq, növbəti dəfə namizədliyini 18 saylı Nərimanov, Nizami, Binəqədi seçki dairəsindən irəli sürüb.

Seyid cəddinə arxayın olan kimi, adam bu dəfə nəyə və kimlərə arxayındı hələ ki, başa düşülən deyil. Ərazidə bir sıra şəxslərə sual ünvanladıq, Rasim Musabəyovun onların deputatı olduğunu nə bilən oldu, nə də ki, əlahəzrətin son 15 ildə seçiciləri ilə görüşdüyünü görən var. Məsələn, söhbət Rasim Musabəyovun Nizami rayonu, Şirin Mirzəyev küçəsi 70, 72, 68A, 76, 76A və ətrafdakı binalarda yaşayan seçicilərindən gedir. Onu bugünkü günün özündə də ərazidə “ələddinin sehirli çirağı” ilə axtarırlar, lakin gördüm deyən yoxdur. Amma nə olsun, adam yenə sözügedən dairədən namizəddir, mandatlandırılacağı təxmin edilir.

18 saylı Nərimanov, Nizami seçki dairəsindəki iddialı şəxslərə gəlincə, Mərkəzi Seçki Komissiyası (MSK) bu dairədən deputatlığa 9 namizədi qeydiyyata alıb. Yeni Azərbaycan Partiyasının (YAP) dairədən irəli sürdüyü şəxs Babaşov Nizami Babaş oğludur. Nərimanov rayon Bələdiyyəsində şöbə müdiri olan bu şəxsin hakim partiya tərəfindən dəstəklənəcəyi inandırıcı görünmür. Digər namizədlərə diqqət yetirdikdə də ümumi qənaətə gəlmək çətindir. Hardasa bu dairədə qeydiyyata alınan 9 namizəd arasında seçiciləri ilə görüşən “KRAL RC” MMC VƏ “FİNTECH LİZİNG” MMC, hüquqşünas Tağıyev Rövşən Asəf oğlunun olduğu bildirilir. Saytlarda da buna dair bir-iki nümunə var.

Qaldı, Rasim Musabəyovun hazırkı şəkillənən tərzinə, o, doğurdan da indiyə qədər seçici tərəfindən seçilmiş olsaydı, özünü yəqin ki, bu vəziyyətə qoymazdı. Heç olmasa, əsl politoloq kimi davranar, “xala xətrin qalmasın” deyimini əsas götürüb, gözdən pərdə asardı. Seçiciləri ilə görüntü xatirinə də olsa, görüşər, onu bu dəfə də müdafiə etmək istəyənləri çətin vəziyyətə salmazdı.

Faktinfo.az

Paylaş: