Cəmiyyət

Bərdə şefi və DSK sədri Fatma Yıldırım üçün səfərbər olub – Yenə qanunsuzluq

Parlament seçkilərinin təbliğat kampaniyası avqustun 30-da yekunlaşır. Cəmi bir neçə gün qalan təşviqat dövründə Bərdənin deputatlığa namizədi Fatma Yıldırım üçün bütün inzibati resurslar səfərbər olunub. Anaxeber.info-ya verilən xəbərə görə, Bərdə rayon İcra Hakimiyyəti və Dairəsi Seçki Komissiyası var gücü ilə Fatma Yıldırımın qələbəsi üçün fəaliyyətdədir. Yerli mənbələr xəbər verirlər ki, seçicilərlə görüşlər yalnız Fatma Yıldırım üçün təşkil olunur. Yerli icra strukturları, kənd icra nümayəndələri, hətta bələdiyyə üzvləri, o cümlədən məntəqə sədrləri və üzvləri, Bərdə İH nümayəndələri görüşlərin keçirilməsində həm iştirak edir, həm camaatın görüşlərə gətirilməsində rol oynayır. Bu da administrativ resurslardan istifadə və seçki qanunlarını pozmaq deməkdir. Hazırda Bərdənin icra başçısı Vidadi İsayev komandası, habelə, Bərdə DSK sədri ilə onun əlaltıları Fatma Yıldırım üçün dəridən-qabıqdan çıxır, görüşlər keçirir, təşkilatçılıq işlərini üzərinə götürür, bununla da seçki mühitini pozurlar. Bundan əvvəlki seçkilərdə Prezident Administrasiyası Bərdə İH başçısı Vidadi İsayevə bu cür əməllərinə görə xəbərdarlıq etmişdi və seçki qaydalarını pozduğunu açıqlamışdı. Habelə, Mərkəzi Seçki Komissiyası da Fatma Yıldırıma ötən seçkilərdə qanunları pozduğuna görə rəsmi xəbərdarlıq etmişdi. Bu xəbərdarlıqlardan 5 il keçir və gördüyünüz kimi, yenə təşviqat prosesində Vidadi İsayev-Fatma Yıldırım tandemi qanunlar pozmağa davam edirlər.

Anaxeber.info

Paylaş: