Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə ittiham edilir. Qaynarinfo-nun məlumatına görə, Agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati iş başlanıb. Bu maddə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə nəzərdə tuutlur. İcra tələbninin nədən ibarət olması barədə məlumat yoxdur. İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Babək Pənahov iş üzrə hakim təyin edilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Agentliyin rəisi Cəbrayıl Xanlarovdur. Qaynarinfo