Cəmiyyət

28 ildir çatmayan mənzil növbəsi… – Agentlik şəhid anasını niyə gözlədir ?

1996 1 fevral -2024 il avqust
Nə az, nə çox, düz 28 il…
Bir igidin ömrü qədər də igid balasını vətənə qurban verən Beyləqan rayon Aşağı Çəmənli kənd sakini Kətan Həsənova oğlunun halal haqqını gözləyir.

Halal haqqı deyərkən, dövlət tərəfindən şəhid ailələri üçün nəzərdə tutulan mənzili nəzərdə tuturuq.

“DogruXeber.az” xatırladır ki, dəfələrlə portalımızda və agentliyimizin tabeliyində fəaliyyət göstərən “Kanal14” YouTube kanalımızda Kətan ananın yaşadığı uzun illər əvvəl palçıq kərpicdən tikilmiş mənzilinin hazırkı vəziyyətini izləyicilərimizə, eləcə də aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə təqdim etmişik. Amma, agentliyin məqsədi deyəsən daha 28 il gözlətməkdir ki, hər dəfə hələ da “növbəli şəkildə” deyib sözün əsl mənasında yola verirlər.

Fotoşəkillərdə də gördüyünüz kimi, Kətan ananın yaşadığı mənzil tamamilə yaşamağa yararsız vəziyyətdə olsa da, uzun illər əvvəl palçıq kərpicdən tikilmiş bu mənzildə ana öz oğlu gəlini, nəvələri ilə birlikdə yaşamaq məcburiyyətindədir. Bildirir ki, yağan yağışlar birbaşa evin içinə yağır. Sağlamlığa mənfi təsirindən əlavə, hər dəqiqəsi ailə üzvlərinə qorxu, həyəcan yaşadan bu ev, nə yazıq ki, aidiyyatı qurumu zərrə qədər narahat etmir. Hətta, ikinci vətən müharibəsində şəhid olanların ailələrinin böyük əksəriyyəti artıq dövlət tərəfindən mənzillə təmin olunub, amma nə Cəbrayıl rayon Daşkəsən kənd sakini şəhid Kərimov Elçin Ataş oğlunun ailəsi, nə də Beyləqan rayon Aşağı Çəmənli kənd sakini Kətan Həsənova bu imtiyazdan yararlanmayıblar.

Qeyd edək ki, hər iki ailədə rəsmi olaraq, şəhidin varisi sayılan valideynlər artıq yaşlanıblar, Sosial Xidmətlər Agentliyi isə, Allah qorusun, deyəsən vaxt qazanmağa çalışır. Agentliyin özünə qazanc hesab etdiyi o, vaxt isə ananın ömründən hesablanır.

Ümid edirik, ən qısa zamanda məsul agentlik Kətan ananın da halal haqqını verməklə onu sevindirəcək.

Qeyd: Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfimizdən təkrar sorğu göndərilmişdir.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Paylaş: