Bildiyimiz kimi, ölkədə internetin minimum sürəti 100 Mbit/s-ə qaldırılıb. Əvvəllər 40 Mbit/s sürətə görə 18 manat ödəyən vətəndaşlar sürət artımı ilə əlaqədar avqust ayının 15-dən 25 manat ödəyirlər. Lakin abonentlər internetin sürətinin heç də vəd edildiyi kimi olmadığını bildirirlər. Şikayətçilərin narazılığına cavab verən “Aztelekom” MMC internet sürətinin az olmasına səbəbi kimi modemlərin köhnə versiyada olmasını, düzgün konfiqurasiya olunmamasını göstərib.
Amma onu da qeyd etmək yerinə düşər ki, bəzi bölgələrdə “Aztelekom” tərəfindən avqust ayında yeni xətlər və yeni modemlər quraşdırılıb.
Yeni quraşdırılan xətt və modemdə problemin olması isə absurd görünür.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan informasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, inkişaf etmiş bir çox ölkədə alt limit 100 Mbit/s-dən başlayır:
“Alt limitlərdə dəyişikliklər olanda müəyyən problemlər ortaya çıxa bilər. Bu problemləri biz bir neçə istiqamətdə düşünə bilərik. Şikayətçi olan əksər qismin çoxu çox köhnə modemlərdən istifadə edir. O modemlər də 100 meqabiti dəstəkləməyə bilər.
Digər bir qisim problemlər də modemlərin düzgün tənzimlənməməsindədir. Bəzi provayderlər də düzgün xidmət göstərməyə bilərlər.
Bütün problemlər bölgü halında nəticədə internet probleminə gətirib çıxarır. Bəzi yerlərdə provaydelərin paylayıcı qurğularının tam olaraq standartlara cavab verməməsi və bunun kimi provayderlərin də öz problemi ola bilər”.