Hesablama Palatası 2024-cü ilin İş planına əsasən keçirdiyi nəzarət tədbirləri nəticəsində keçmiş “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası”, hazırda isə Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsdə nöqsanlar aşkar edib.Bu barədə 2024-ci il iyulun 25-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilən zaman məlumat yayıldı.Çox maraqlıdır ki,yayılan bu məlumatda ali təhsil müəssisəsində nə kimi nöqsanların aşkar edildiyi açıqlanmır və “sirr” kimi saxlanılır.Görəsən Hesablama Palatasının bu məlumatları yaymamaqda hansı maraqları var?
Mediatv.az palataya istinadən xəbər verir ki, nəzarət tədbirləri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb.Audit ötən illərdə Universitet tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində funksional fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşımışdır. Auditin əhatə etdiyi illərdə Universitetə dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən vəsait daxil olmuşdur.Təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış dövlət vəsaitlərinin icrası prosesində ciddi nöqsanların olduğu daxil olmuş məlumatlar siyahisindədir. Bundan əlavə Mediatv.az xəbər portalı internet üzərindən araşdırma apararaq aşağıdakıları dəqiqləşdirib:
Azərbaycan İdman Akademiyası xarici markalı avtomobillər alınmasına son bir ildə 300 min manat civarında vəsait xərcləyib. “TOYOTA ABSHERON MERKEZI” MMC ilə 101.900 manat məbləğində satınalma müqaviləsi 31.05.2024-cü ildə, “AUTO AZƏRBAYCAN” MMC ilə 76.499 manat məbləğində satınalma müqaviləsi 02.02.2024-cü ildə, “TOYOTA ABSHERON MERKEZI” MMC ilə 76.500 manat məbləğində satınalma müqaviləsi 15.01.2024-cü il, “ROTARY MOTORS” MMC ilə 42.400,01 manat məbləğində satınalma müqaviləsi 07.12.2023-cü il tarixlərində bağlanılıb.Bundan başqa məlum oldu ki, Azərbaycan İdman Akademiyası hər il maşın və avadanlıqların satınalınmasına da külli miqdarda vəsait xərcləyir. Maşın və avadanlıqların satınalınması üzrə “Ultra Technologies” MMC ilə 628.670,96 manat 06.06.2024-cü il, “Isoft” MMC ilə 956.510,42 manat 09.10.2023-cü il, “Ultra Technologies” MMC ilə 709.994,62 manat 22.09.2022-ci il, “Ultra Technologies” MMC ilə 398.945,73 manat 16.08.2021-ci il, “Isoft” MMC ilə 103.972,51 manat 10.11.2020-ci il tarixlərində satıpnalma müqavilələri bağlanılıb ki, ümumi dəyəri 2798091 manat təşkil edib.Bu MMC-lərlə bağlanmış müqavilələrin əksəriyyəti şübhə döğurur. Çünki xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.Məsələ burasındadır ki, müsabiqənin qalibi olmuş bu MMC-lərdən vergi borcu olanı olub .İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Azərbaycan İdman Akademiyasının Tender Komissiyasının üzvləri məgər bunları görməyib?Azərbaycan İdman Akademiyasını belə MMC-lərlə görəsən hansı maraqlar birləşdirir?
Hesablama Palatası Bakı Dövlət Universitetində hansı nöqsanları aşkarladığını yaydığı halda, Azərbaycan İdman Akademiyasında yol verilən nöqsanları tam açıqlamayıb. Yuxarıda qeyd etdiklərimiz İdman Akademiyasının il ərzində keçirdiyi onlarla tender və kotirovka sorğularının bir hissəsidir ki, yol verilən nöqsanlar açıq aydın görsənir. Digər yol verilən nöqsanları isə Hesablama Palatasına ünvanladığımız sorğuya cavab aldıqdan sonra açıqlayacıq.
Davamı var….
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mənbə:MediaTv.az