Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı – Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!
Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun həbsdəki şəriki Azad Nağıyevin və Valeh Əliyevin ölkə rəhbərliyinə yolladıqları sensasion məktub üzə çıxıb.
Musavat.com xəbər verir ki, Azad Nağıyev həmin məktubu hələ azadlıqda olarkən imzalayıb.
Məktubda hazırda Yasamal Rayon Məhkəməsində araşdırılan, Elman Rüstəmovun adının əsas fiqurant olaraq qarışdığı 5 milyonluq fırıldaq kredit işinin mahiyyəti də tam çılpaqlığı ilə ortaya çıxır.
Elman Rüstəmov şəriklik təklif etdi, 3 milyon 900 min ABŞ dolları kredit ayırdı
Elman Rüstəmovun şərikləri Azad Nağıyevlə Valeh Əliyevin 2018-ci ildə imzaladığı həmin məktubu təqdim edirik:
“Yazıb Sizə məlum edirik ki, 1999-cu ildən etibarən Bakı şəhərində “Super İnşaat” MTK-nı təsis etməklə tikinti fəaliyyəti ilə məşqul olmağa başlamışıq. Şəhərin bir neçə ünvanında yüksək mərtəbəli yaşayış binaları inşa edib sakinlərin istifadəsinə vermişik. 2004-cü ildə Mərkəzi Bankın sədri Elman Rüstəmov tərəfindən bizə şərikli inşaat aparmaq təklifi daxil oldu. Elman Rüstəmov bu məqsədlə müxtəlif vaxtlarda bizə 3 milyon 900 min ABŞ dolları kredit ayırmaq təklif etmişdi.
Elman Rüstəmov 5 milyonluq kreditdən 10 milyon qazanıb, 2 milyon manatlıq mənzil sahəsi alıb!
Biz də öz növbəmizdə Elman Rüstəmovun təklifini qəbul edib, onunla birgə işləməyə başladıq. Birlikdə Bakı şəhəri, Hüseyn Cavid prospektində 3 yaşayış binası inşa etdik. Elman Rüstəmovla razılaşdığımız qaydada kreditlər tərəfimizdən hissə-hissə ödənilirdi. Bütün xərclər çıxıldıqdan sonra ikimizə 3 milyon 200 min ABŞ dolları gəlir qaldı. Həmin məbləğ aramızda bərabər bölündü. Bundan əlavə, Elman Rüstəmov bizdən 3 milyon 100 min ABŞ dolları məbləğini və digər şirkətimiz olan “Aqana Servis” MMC-nin adına inşa edilmiş yaşayış binasından 2 milyon manatlıq mənzil sahəsi aldı. Beləliklə, Elman Rüstəmov məndən cəmi 3 milyon 100 min ABŞ dolları və 2 milyon manatlıq mənzil sahəsi aldı.
Elman Rüstəmov Mərkəzi Bankdan 5 milyonu belə çıxarıb!
Elman Rüstəmov bizdən aldığı pulları qaytarmaq məqsədi ilə 2013-cü ildə bizə Mərkəzi Bankın hesabından 5 milyon manat kredit ayırdı və həmin kreditlərin 1 milyon 500 min manat hissəsini isə xalası oğlu Rəşadın “Silk Way” Banka olan borcunu ödədi. Yerdə qalan məbləğin 3 milyon 500 min manat hissəsini bizə girov müqabilində versə də, həmin məbləği də onun göstərişi ilə hissə-hissə müxtəlif şəxslərə və dediyi yerlərə vermişik. Hazırda sözügedən kreditlə bağlı bizə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırılıb. Elman Rüstəmova dəfələrlə bizim adımıza yazdığı həmin kreditlərin bağlanmasını, mülkiyyət hüququ əsasında həyat yoldaşıma və V.Əliyevə məxsus qeyri-yaşayış sahələrinin girovdan azad edlməsini xahiş etsəm də, xahişlərim heç bir nəticə verməyib.
Elman Rüstəmov etibarımızdan sui-istifadə etdi
Hesab edirəm ki, Elman Rüstəmov bizim etibarımızdan sui-istifadə etməklə, bizim adımıza yazdırdığı kreditləri öz məqsədləri, habelə xalası oğlunun kreditlərini bağlamaq üçün istifadə etməsinə baxmayaraq, həmin kreditlər bizdən, məndən tələb edilir. Bu da bizə və ailəmizə böyük maddi ziyana səbəb olub. Bir neçə dəfə Elman Rüstəmov ilə şəxsən görüşmək istəsəm də, o, hər dəfə müxtəlif bəhanələrlə mənimlə görüşdən imtina edir.
Elman Rüstəmov tərəfindən mənə verilən pulları ikiqat qiymətinə qaytarmışıq!
Məktub müəllifləri Elman Rüstəmovu səlahiyyət həddini aşmaqda, qanunsuz işlərlə məşğul olmaqda ittiham ediblər:
“Bizim kimi iş adamlarını müflis vəziyyətə çatdırdı. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Elman Rüstəmov tərəfindən mənə verilən pullar ikiqat qiymətinə qaytarılıb, ona borcumuz qalmayıb. Elman Rüstəmov öz şəxsi pullarını bizə banklar vasitəsi ilə kredit kimi ayırıb, bununla həm dövləti, həm də bizi aldadıb. Hazırda şirkətimizdə 100 nəfərə yaxın işçi çalışır, Elman Rüstəmovun hərəkətləri nəticəsində şirkətimiz tam müflis vəziyyətinə düşüb. Nəticədə 100 ailə işsiz qalıb. Yuxarıda qeyd olunanları nəzərə alıb Sizdən xahiş edirik Elman Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində bizə dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq göstəriş verəsiniz.
Qeyd edək ki, Azad Nağıyev 2013-cü ildə Elman Rüstəmovun göstərişi ilə “Aqana Servis” şirkətinin inşa etdiyi binadakı qeyri-yaşayış sahəsini “Premium Bank”a girov qoymaqla 2 milyon 500 min manat kredit götürüb.
Azad Nağıyevin həbsi girov qoyulan qeyri-yaşayış sahəsi ilə bağlıdır. Deməli, 2010-cu ildə vətəndaş Nizami Kərimov “Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev o zaman Elman Rüstəmovun göstərişi ilə həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində, olduqca aşağı faizlə kredit götürüb. Azad Nağıyev məhkəməsində də deyib ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyiblər. Azad Nağıyevlə digər şərikinin imzaladığı məktubda da bu məsələ əksini tapıb. Hər bir halda ortada olan odur ki, “Premium Bank” Mərkəzi Bankdan 5,25 faizlə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25 faizlə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib. Girov olaraq isə faktiki olaraq vətəndaş Nizami Kərimova məxsus qeyri-yaşayış sahəhi qoyulub!
Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur, Azərbaycan Banklarında bu şəkildə kredit almaq qeyri-mümkündür. Bunun üçün Elman Rüstəmov kimi şərikə ehtiyac var. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7 faizə, “Premium Bank” isə 4,7 faizə endirərək müddəti uzadıblar.
Vətəndaş Nizami Kərimov ona məxsus olan və Elman Rüstəmovla şəriklərinin tikinti şirkətindən alınmış qeyri-yaşayış sahəsinin qanunsuz olaraq girov qoyulduğunu öyrəndikdən sonra məhkəməyə üz tutub.
Məhkəmə araşdırmaları zamanı əmlakın qanunsuz olaraq girov qoyulduğu təsdiqlənib. Məhkəmə Nizami Kərimova məxsus olan, qanunsuz olaraq mənimsənilmiş əmlakın digər şəxsin adından çıxarılması qərarı verib. Bununla belə, “Premium Bank”ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb.
Elman Rüstəmov yaxasını kənar çəkir, şərikini qabağa verməklə onun həbsinə yol açıb. Elman Rüstəmovla şəriklərinin tikinti-kredit maxinasiyalarından xəbərsiz olan vətəndaş Nizami Kərimov isə məhkəmə qapılarında ədalət axtarışındadır.
Eks-baş bankir Elman Rüstəmovun həbsdəki şərikinin məktubunda yer alan məlumatlar faktiki olaraq istintaqa verilən ifadə gücündədir və hüquq-mühafizə orqanlarının araşdırması zərurəti ortalıqdadır.