“Başçı cavab verdi ki, “mənim üzüm bağımda, kartof sahəmdə işlə, mən işçi axtarıram, işçi tapa bilmirəm”…” – BU NƏDİ BELƏ?!
Tovuz rayon sakini Quliyev Şahlar Famil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onun müraciətini olduğu kimi dərc edirik:
“Mən, Quliyev Şahlar Famil oğlu, yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Ailəiyəm, 4 azyaşlı uşağım və qoca xəstə anam var. Özüm də xəstəyəm, 2-ci tip ağır şəkər xəstəsiyəm. İnsulin qəbul edirəm. Ağciyər xəstəsiyəm.
2023-cü il avqust ayında Bakıda Qara Qarayev adına Ağciyər Xəstəliklər İnstitutunda əmaliyyat olunmuşam.
Ünvanlı sosial yardım almaq üçün müraciət etmişəm. Qeyd edim ki, 5 ay müraciətimə Tovuz rayonunda baxılmadı. Sonradan mənə imtina cavabı verildi.
1 ay əvvəl Tovuz rayon icra başçısının qəbulunda da oldum. Yoldaşımı işlə təmin etməsini xahiş etdim. Başçı cavab verdi ki, “mənim üzüm bağımda, kartof sahəmdə işlə, mən işçi axtarıram, işçi tapa bilmirəm”. Ona bildirdim ki, elə ağır işdə işləməyə səhhətim imkan vermir. İşləsəm, elə öz kəndimizdə işləyərəm. Dedi ki, Tovuz rayonuna dövlət işi verilmir.
Bunu Tovuz rayon Məşğulluq İdarəsinin rəisi Vüsal bəy də təsdiqlədi.
Mən də hörmətli Prezidentimizə dəfələrlə məktub yazmışam. Bu yaxınlarda bizə cavab gəldi ki, Tovuz rayon “Qərənfil” uşaq baxçasında yarımştat – 220 manatlıq iş təklif olunur. Mən də düşündüm ki, deyilən maaş ancaq yol puluna çatacaq. Prezident Administrasıyasına zəng etdim. Mənə İcra Hakimiyyətinə gedib, oradan görüntülü danışmaq təklif edildi. Bunun üçün İcra Hakimiyyətinə getdim. Ceyhun adlı şöbə müdiri Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladı. Telefonda nə danışdlılar, bilmirəm. Sadəcə, məni başından etmək üçün dedilər ki, səni növbəyə yazmışıq, nə vaxt çağırsaq o zaman gələrsən. Amma mənə Prezident Aparatından dedilər ki, həftənin 5 günü, istədiyiniz zaman əlaqə saxlaya bilərsiniz.
Mən və ailəm bu adlarını çəkdiyim dövlət qurumlarının özbaşınalığından bezmişik. Bu qurumların vətəndaşlara qarşı saymamazlığı, insanların hissiyatı ilə oynaması səbəbindən, mən rəsmi olaraq Azərbaycan Respublikası vətəndaşlığından imtina edirəm. Mən başqa dövlətlərdən vətəndaşlıq üçün kömək istəyirəm.
Mən uşaqlarımı dolandıra bilim. Oğlumu əsgər aparacaqlar. Dövlətin ac əsgəri olmur. Sonra deyəcəklər ki, uşağın dövlətə borcu var. Vətənin uşağa nə borcu var? Ac əsgər böyüyər? Dövlət qurumları özbaşınalıq edir, vətəndaşları əzirlər.”