Cəmiyyət

Lənkəranda bələdiyyənin sənəd və torpaq “saxtakarlığı”: Təmirlan Rzayev kimə arxalanır?

Vətəndaş bələdiyyə sədrini saxta sənəd verməkdə ittiham edir

Lənkəran Rayon Gərmətük qəsəbə sakini Xalıqlı Farid Möhübbət oğlu yerli bələdiyyədən şikayətçidir.

O, “Arqument.az” deyib ki, bələdiyyə onlara məxsus torpağı başqalarına verib.

“Şikayətim Lənkəran rayon Gərmətük qəsəbə bələdiyəsinin sədri Təmirlan Ağamirzə oğlu Rzayevdəndir. 1993-cü ildə atam Hüseynov Möhübbət Xalıq oğlu Həzi Aslanov adına sovxozdan quşçuluq fermasını alıb. Biz uzun illər ailəmizlə birlikdə orada işçilər üçün nəzərdə tutulmuş 1 otaqlı evdə yaşamışıq. Təsərrüfat işləri heyvandarlıq və quşçuluq işləri ilə məşgul olmuşuq. Biz ora köçəndə mən indiyə kimi xatırlayıram ki, oralar bərbad daşlıq əkinçiliyə yararsız bir vəziyyətdə idi. Ailəmizin dəstəyi ilə biz oraları daşlardan və kolluqlardan təmizləyib hasarladıq”, – deyə o qeyd edib.

Farid Xalıqlı deyir ki, uzun illər yaşadıqları evin yerləşdiyi ərazinin bir hissəsini indi başqaları zəbt edib. Buna da şəraiti yaradan isə bələdiyyə sədri Təmirlan Rzayevdir: “Biz həmin ərazidə təkcə elektriki bərpa etmək üçün 7 ədəd beton dirək və 1000 metrdən çox elektrik naqili çəkmişik. Biz ora köçəndə orada heç kəs yaşamırdı. Əzab-əziyyət və böyük çətinliklərə baxmayaraq, biz orada 20 ildən artıq yaşamışıq. Hər dəfə atama deyərdim ki, gəl buranı özəlləşdirək Atam deyirdi ki, bura bir ətək pul vermişəm, burada canımızı qoymuşuq. Valideyinlərim məni o evdən əsgərliyə yola salıblar”.

Bələdiyyə sədri Təmirlan Rzayev

“Maddi imkanımız cox pis idi, mən əsgərlikdən qayıdandan sonra ustalıqla məşğul olmağa başladım, atam insult xəstəsi idi və biz təsərrufatı davam etdirə bilmədik və xəstə atamla orada yaşaya bilməzdik. O səbəbdən baba evinə köçməyi qərar verdik. 2022-ci il may ayının 15-də mən oranı bərpa etmək üçün 10 000 manatdan artıq vəsait xərcləyərək yenidən hasarlama, hamarlama işləri apardım, suyu, işığı bərpa etmişəm. Atam rəhmətə getdi, muvəqqəti olaraq iş dayandı və birdə ayıldıq ki, qəsəbəmizin bələdiyyə sədri Təmirlan Rzayev heç kimə demədən həyətimizdə bölgü işləri aparıb və saxtakarlıq etməklə orada 4 nəfərə torpaq ayırıb. Bələdiyyə sədri həmin şəxslərə saxta sənəd də təqdim edib. Mən xəbər tutanda dərhal Təmirlan Rzayev ilə əlaqə saxladım. Bildirdi ki, bir az səbirli ol, onlara digər ərazidə torpaq ayrılıb və mən onları oraya köçürərəm, 6 ay məni ələ salandan sonra bildirdi ki, onlar çıxmırlar”, – Lənkəran sakini belə deyir.

Xalıqlı bildirib ki, o, bələdiyyə sədrinin saxta sənədlə torpaq satmasından hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edəcək.

Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran şöbəsi də həmin şəxslərin torpaqlarını reyestrdən keçirməyib: “Mən anamla həmin şəxslərin evlərinə getdik. Özləri o torpaqların bizim olduqlarını etiraf etdilər. Onlar bildirdilər ki, bizə torpaq ayrılanda biz bələdiyyə sədrindən soruşduq ki, bura sizin torpaqdır? Təmirlan dedi ki, onların (yəni bizim) sənədi yoxdur. Amma özü də həmin şəxslərə qeyri-qanuni sənəd təqdim edib. Qərara aldım ki, Lənkəran Əmlak Xİdmətinə gedim. Oradan bildirdilər ki, çox maraqlıdır bu ərazi bizim balansımızda olmalıdır, amma yoxdur. Təklif etdilər ki, məhkəməyə muraciət edim. Bir çox araşdırmalar edəndən sonra mənə məlum oldu ki, Təmirlan Rzayev öz saxtakarlığı ilə necəsə o ərazini öz xəritəsinə əlavə edib. Qərara gəldik ki, anam İradə Hüseynova Əmlak Komitəsinə muraciət etsin. Həmçinin Gərmətük qəsəbə sakinləri də bu məsələdən narahat oldular. Onlar imza toplayaraq cənab Prezidentə və bir neçə quruma muraciət yollayıblar. Hazırda isə o ərazidə qanunsuz tikili gedir”.

“Kənd sakini olaraq ordan başqa heç yerdə torpağımız yoxdur. İstifadəmizdə olduğu üçün o torpaqlar ilk olaraq bizə təklif olunmalıdır. Amma Təmirlan Rzayevin öz bildiyini edib. Onu da deyib ki, bu onun ilk saxtakarlığı deyil”, – Fərid Xalıqlı belə deyib.

“Arqument.az” məsələ ilə bağlı Gərmətük qəsəbə bələdiyəsinin sədri Təmirlan Rzayevlə əlaqə saxlayıb.

O deyib ki, ona göstəriş Lənkəran Rayon İcra Hakimiyyətindən verilib.

Bələdiyyə sədri bildirib ki, həmin ərazidə 4 nəfərə yer verilib, onlardan biri şəhid ailəsi, digər 3 nəfər isə qazidir.

“Arqument.az”ın “Sizin balansınızda olmayan ərazini necə sata və ya kiməsə verə bilirsiniz? Bu, qanunaziddir. Həm də saxta sənədlə necə topraq verə bilirsiniz?” sualına bələdiyyə sədri: “Mənə icra hakimiyyətindən dedilər”, – deyə cavab verib.

Farid Xalıqlı isə deyir ki, şəhid ailəsi onlar həmin ərazidən topraq istmədiyini bildirib: “Mənim şəhid ailəsi və ya qazilərlə heç bir problemim yoxdur. İcra hakimiyyəti bələdiyyə sədrinə deyib ki, Gərmətük dairəsində, “Mandarin” Uşaq Əyləncə Mərkəzinin arxasındakı ərazidə yer versin. Bələdiyyə sədri isə düşünüb ki, onsuz da şəhid və qazi ailələrindən pul ala bilməyəcək. Həmin əraziləri gələcəkdə başqasına satsın deyə onlara bizim ərazini verib. Bununla da çalışır ki, bizi şəhid və qazi ailələri ilə üz-üzə qoysun. Əslində isə onlara Gərmətük dairəsində torpaq verilməli idi. Şəhid ailəsi özü də bizə dedi ki, mən sizin torpağı yox, oranı istəyirəm. Dedi ki, əgər mənə başqa ərazidə yer verilsə, bu gün sizin torpaqdan çıxaram. Amma Təmirlan Rzayevin əlinə fürsət düşüb deyə bizim torpağı paylamaqla məşğuldur”.

Bələdiyyə sədri: “Bəs həmin ərazi hansı sənədlə başqalarına verilir?” sualına isə yenə eyni cavabı verib: “İcra Hakimiyyətinin tapşırığı ilə”.

“Bəs icra hakimiyyəti sizi hansısa qanunsuzluğu etməyə sövq etsə, etməlisiniz?” sualına isə bələdiyyə sədri cavab vermək istəməyib.

Aydın görünür ki, ərazi heç kəsə sənədlə verilməyib, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Şöbəsinin balansından da torpaq saxta yolla çıxarılıb, amma heç bir digər qurumun da balansına salınmayıb.

Qanuna görə isə bələdiyyə yalnız öz balansında olan torpağı sata, icarəyə verə bilər.

Bələdiyyə sədri torpaq alan şəxslərə saxta sənəd vermədiyini desə də, “Arqument.az” həmin sənədi əldə edə bilib.

Həmin saxta sənədin surəti

Lənkəran Rayon İcra Hakimiyyəti isə məsələyə münasibət bildirməyib.

Paylaş: