Cəmiyyət

Göyçayda fermerlər ÇƏTİN DURUMDA – “Bir budaqda üç nar var, üçü də çürükdür…”

Nar və xurma istehsalçılarının bir çoxu builki mövsümdə məhsuldarlığın az olmasından şikayətçidirlər. Fermerlər deyirlər ki, hava şəraiti səbəbindən meyvələr ağacda xarab olub.

Göyçaylı fermer Nadir İsayev bildirib ki, xəstəlik səbəbindən xurmalar ağacda çürüməyə başlayıb.

“Bir balaca külək əsən kimi xurma tut kimi töküldü. Ağacda qalan məhsullar da zaydır, uzun müddətdir belə vəziyyətlə qarşılaşmamışdım”, – fermer bildirib.

Şikayətçi deyib ki, tanıdığı bir çox fermer də zərərlə üzləşib: “Şıxbəy kəndində yaşayan yaxınlarımın bağında da vəziyyət belədir. Bu il gözümüzü xurmadan gələcək gəlirə dikmişdik, o da beləcə zay oldu”.

Fermerlər hesab edirlər ki, bağlarda xəstəlik hava şəraiti və dərmanın keyfiyyətsizliyindən artıb.

Göyçayın nar bağlarında da məhsuldarlıq az olub. Rayonun Bığır kəndindən fermerlər narların ağacda çürüdüyünü deyirlər.

“Bir budaqda üç nar var, üçü də çürükdür. Elə fermer var ki, 50-60 faiz məhsulu xarab olub. Qoyulan xərci güclə çıxaracağıq. Halbuki ötən il qazancımız yaxşı olub”, – fermer Sahib Musayev deyib. Onun sözlərinə görə, may-iyunda havanın soyuq keçməsi, ardınca intensiv yağışlar, sonra istilik xəstəliyin əmələ gəlməsinə səbəb olub. Qurda, ziyanvericilərə qarşı dərmanlar kömək etməyib.

Fermerlər deyirlər ki, dərmanlar keyfiyyətsiz olduğundan işə yaramır, xərcləri artsa da, qazancları get-gedə azalır:

“Tək xurma, narda deyil, əksər sahələrdə vəziyyət belə oldu. Dərmanların keyfiyyətinə kim cavabdehdir, tərkibi necə yoxlanılır? Hamı narazıdırsa, deməli, problem var. Yoxlama aparılmalıdır, dərmanın keyfiyyətinə nəzarət olunmalıdır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə Meydan TV-yə deyib ki, məhsuldarlığın az olması, meyvə bağlarına xəstəlik düşməsi yalnız hava şəraiti ilə əlaqələndirilməməlidir.

“Bunu məhz hava şəraiti ilə əlaqələndirmək istəyənlər var. Bu sahə ilə peşəkarlar məşğul olmalıdırlar. Keçmişdə də quraqlıq, şaxtalı hava, yaxud yağışlar olub. Bunun qarşısını aqrotexniki qaydalarla almaq mümkündür”, – Məhərrəmli deyib.

Ekspertin sözlərinə görə, aqrotexniki qaydalara düzgün riayət edilsə, bitki stress amillərə dözümlü olar. Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə məşğul olanların təxminən 95 faizinin bu sahədən anlayışı yoxdur. Fermerlər ata-babalarının təcrübəsindən yararlanırlar. Halbuki dövr dəyişib:

“Meyvəçilik, o cümlədən bostançılıqda hava şəraitini bəhanə gətirib gözləmək olmaz. Torpaqda lazımı qədər meneral maddələr olarsa, bitki normal inkişaf edir, stress amili olmur”.

V.Məhərrəmli qeyd edib ki, nar əkilmiş ərazilər artsa da, nar ixracı təxminən iki dəfə azalıb:

“Hər dəfə çıxışlarında deyirlər ki, narçılığın genişlənməsi nəzərdə tutulub. Bəs ixrac niyə azalıb? Məhsuldarlıq niyə azalıb, keyfiyyət niyə aşağı düşüb? Amma iki-üç il əvvəl həm məhsuldarlıq, həm də keyfiyyət yüksək olub. Fermerlər peşəkarlardan məsləhət almalıdırlar. İqlim dəyişib, yanaşma da dəyişməlidir. Dəyişən iqlim şəraitinə uyğun yanaşma olmalıdır”.

Ekspert hesab edib ki, fermerlər aqronomla müqavilə bağlamalıdırlar, mütəxəssis sahələrə baxış keçirərək məsləhətlər verməlidirlər. Əks halda artan xərclərin qarşılığında qazanc əldə etmək mümkün olmayacaq.

Paylaş: