Kriminal

Leytenantın bəraəti ləğv olundu – Ağır cəza verildi

N saylı hərbi hissənin tibb xidməti leytenantı Nəcəf Nəcəfli ilə bağlı qərar dəyişilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, leytenant işlədiyi hərbi hissədə hərbçilərdən tibb kitabçalarına saxta xəstəlik diaqnozları yazması üçün müxtəlif məbləğdə pullar alıb.

Hərbi Prokurorluğun araşdırması nəticəsində Nəcəflinin cinayətinin üstü açılıb. O, külli miqdarda rüşvət alma maddəsi ilə hakim qarşısına çıxarılıb. Birinci instansiya məhkəməsi şahidlərin müttəhimə pul vermədiklərini deməsini, müstəntiqə dediklərindən fərqli danışdıqlarını nəzərə alıb. Hökmə əsasən, sərbəst mühakimə edilən leytenanta bəraət verilib.

Hökmdən narazı qalan prokuror təqsirləndirilən şəxsin sanksiya həddində cəzalanması tələbi ilə apellyasiya şikayəti verib. Apellyasiya instansiyasında iş yenidən araşdırılıb, tərəflərin ifadələri təkrar tədqiq edilib.

Yekunda hakimlər belə qənaətə gəlib ki, istintaq vaxtı fərqli məhkəmədə, əzbərlənmiş şəkildə fərqli danışan şahidlərin ifadəsi inandırıcı deyil.

Bu əsasla bəraətverici hökm ləğv edilib. Qərara əsasən, Nəcəf Nəcəfli təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Leytenant məhkəmə zalında həbsə alınıb.

Paylaş: