Astara rayonu, Qamışovka kənd sakini Əsədullayev İmaməli Rza oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Dövlət Məşğulluq Agentliyinə müraciət etsə də, işlə təmin olunmur:
“Mən, Əsədullayev İmaməli Rza oğlu, 2023-cü ildə “Avtomatlaşdırılmış sistemlər və hesablama texnikasının proqram təminatı” ixtisası üzrə, universitet nəzdində kollec bitirmişəm. İşsiz və maddi vəziyətim pis olduğuna görə, 4 mart 2024-cü il tarixində Dövlət Məşğulluq İdarəsinin Astara filialında qeydiyyatdan keçmişəm. İndiyə kimi məni işlə təmin etməyiblər. Deyirlər ki, iş yoxdur.
Lənkəran-Astara Regional Məşğulluq İdarəsində də bu haqda müraciət etmişəm, amma yenə də bu vaxta qədər işlə təmin olunmamışam.
Bu haqda “Dost qapısı” verilişinə də müraciət etmişəm. Amma indiyə kimi işsizəm, heç bir müavinət də almıram. Xahiş edirəm ki, aidiyyatı qurumlar köməklik göstərsinlər. Maddi vəziyyətim çox pisdir, çətin vəziyyətdəyəm”.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etdik. Qurumdan bizə bildirildi ki, vətəndaş yanvar ayında məşğulluq sistemində qeydiyyatdan keçib, hazırda da işsiz kimi qeydiyyatdadır: “Ola bilər ki, vətəndaşın məşğulluq imkanlarına uyğun vakansiya olmayıb. Mütəmadi olaraq əlaqə saxlaya bilər və yaxud da əmək və məşğulluq sistemində vakansiyalar ilə özü də tanış ola bilər. Vakansiya yerləşdiriləndə biz onun yönləndirilməsini həyata keçirəcəyikk. Bilirsiz ki, vakansiyanı, iş yerini biz yaratmırıq, bu, işə götürənlər tərəfindən sistemə daxil edilir. İşə götürən tərəfindən vətəndaşın məşğulluq imkanlarına, təcrübəsinə, peşəsinə, biliklərinə uyğun iş yeri olmalıdır ki, biz onu yönləndirə bilək. Ona görə, vətəndaş həm filiala yaxınlaşıb vakansiyalarla tanış ola, həm də özü bunu mütəmadi nəzarətdə saxlaya bilər”.