BDU-nun professoru Qulu Məhərrəmli millət vəkili, tarixçi alim Vasif Qafarovu “Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdırıb manipulyativ çıxışlar etməkdə” və “tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşmaqda” ittiham edib.
Bakupost.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında yazıb:
“Mən ölkədə Vasif Qafarov adlı tarixçinin olduğunu 4 il əvvəl bilmişəm. O vaxt onun Spase TV-də Cümhuriyyət qurucuları əleyhinə tarixi faktları saxtalaşdıran manipulyativ çıxışı çoxlarının etirazına səbəb oldu. Solmaz Tohidi, Kərim Şükürov, Firdovsiyyə Əhmədova, Boran Əziz kimi nüfuzlu tarixçilər Qafarovun yalan və iftiralarını tarixi faktlarla ifşa etdilər. O vaxt (2020-ci il) mən də V.Qafarovun alim əxlaqı ilə bir yerə sığmayan bu saxta çıxışına münasibət bildirmiş və “Ayna” qəzetində tənqidi məqalə yazmışdım…
Sonralar məlum oldu ki, V.Qafarov belə davranışlara öyrəncəlidir, o, tarixi proseslərə alim vicdanı ilə deyil, sifarişlə yanaşır. Budur, həmin sifarişlər indi V.Qafarovu parlamentə gətirib çıxarıb. Və onun kimi adamların MM-də təmsil olunması cəmiyyətə təhqir, dəyərlərə hörmətsizlik, yalançılığın və saxtakarlığın stimullaşdırılmasıdır”.
Vasif Qafarovun Qulu Məhərrəmliyə cavabı gecikməyib. O, “Aznews.az” saytına açıqlamasında Facebook-un elmi müzakirələr üçün müstəvi olmadığını bildirib:
“Elmi tədqiqat və nəşrlərə ancaq onları oxuyandan sonra peşəkar akademik fəaliyyətlə məşğul olanlar elmi arqumentlərlə münasibət bildirə bilərlər. Diletant və qərəzli şəkildə sosial şəbəkələrdə hər hansı elmi tədqiqata qara yaxmaq, elm adamlarına və parlament üzvlərinə qarşı aqressiya formalaşdırmaq nəinki alimə, elementar ictimai məsuliyyəti olan heç kimə yaraşan hərəkət deyil”.
Vasif Qafarov bildirib ki, onun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” adlı kitabı bu ilin iyun ayında elmi ictimaiyyətin müzakirəsinə verilib:
“Üzərindən bir neçə ay keçib. Amma kitabda yer alan sənədlər, faktlar, müddəalarla bağlı heç bir əks arqument ortaya qoyulmayıb. Kiminsə əlində konkret tarixi mənbələrə və faktlara əsaslanan, kitabdakı mülahizələrimi təkzib edəcək dəlillər varsa, buyurub elmi məqalə yazsın, nəşr etdirsin, biz də oxuyaq, daha sonra elmi müstəvidə polemika aparaq. Facebook-da mütəxəssislər arasında getməyən polemikada iştirak etməyi bir alim kimi özümə rəva görmürəm”.
Tarixçi onun elmi işi ilə bağlı səslənən ittihamlara belə cavab verib:
“Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi 2022-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında müdafiə etdiyim doktorluq dissertasiyasının bir paraqrafı olub. Bütün digər məsələlərlə yanaşı, bu məsələ ilə bağlı da irəli sürdüyüm elmi müddəaları elmi müstəvidə sübuta yetirmişəm. Dissertasiya Şurasının sədri Kərim Şükürov olub. 24 nəfər Şura üzvü, 4 opponent (2-si Türkiyə alimi) hamısı müsbət səs verib. Əleyhimə bircə nəfər də çıxmayıb. Çünki irəli sürdüyüm bütün elmi müddəaları konkret faktlarla əsaslandırmışam, sübuta yetirmişəm”.