Cəmiyyət

Anar Rzayevin adamları aşkar şəkildə RACON KƏSİR… HAQQ YIĞIRLAR… – İTTİHAM VAR…

Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradılıb. Yarandığı bu müddət ərzində adı tez-tez və müxtəlif qalmaqallarda hallanan bu qurumun fəaliyyətini “0” balla qiymətləndirmək olar.

İnterpress.az xəbər verir ki, fəailyyəti əsasən beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına nəzarət olsa da, parklanma yerlərinə də nəzarət bu quruma həvalə edilib. Və o gündən AYNA gözdən, könüldən uzaq əlavə gəlir mənbəyi əldə edib.

Sürücülərin ən çox narazı qaldığı məsələlərdən 1-cisi tıxac problemi olsa da, 2-ci yerdə parkinq məsələsi duru. Çünki AYNA rəhbərliyinin parkinqlərə nəzarət edən əməkdaşları öz səlahiyyətlərindən sui-istifadə edərək qazanc məqsədi güdürlər.

Elə təkcə götürək paytaxtımızın ən gur, gedişili-gəlişli mərkəzi küçələrindən olan Tarqovını.
AYNA sədri Anar Rzayev Tarqovının “yaxşı gəlirli yer” olduğunu nəzərə alaraq, bura öz adamını – Ramin Əliyevi göndərib. Ramin Əliyev də burada işi, ofisi, mağazası və s. obyekti olan və ya icarəyə götürən avtomobil sahibləri ilə onların ürəyincə olmasa da, “dil tapmağı” bacarıb. Yəni onalra aylıq “haqq” kəsib, nə az, nə çox, 300 manat “tas”ı boyunlarına məcburi yükləyib.

Əlbəttə, Ramin Əliyev bu “işi” rəhbərliyin “dabro”su olmadan edə bilməzdi. Özünü məsələdən xəbərsizmiş kimi aparan AYNA sədri Anar Rzayev artıq mətbuatda gedən məlum yazılarımızdan sonra “xəbərdar olub”. Lakin dəyirman öz bildiyini etməkdə davam edir, çax-çax da baş ağrıtmaqda. Tarqovının parkinqlərə nəzarət edən bələdçisi Ramin Əliyev öz ampluasında vətəndaşların cibini soymağa davam edir.

Anar Rzayev yuxarılardan töhmət alsa da, danlansa da, “kor tutduğunu buraxmaz” deyib, işçisi barədə heç bir tədbir görmür.
Bu da onu göstərir ki, AYNA-da XAOS hökm sürür, özbaşınalıq baş alıb gedir, dövlətin qoyduğu qanunlar pozulur, qaydalara riayət edilmir.
Noyabr ayında ölkəmizdə keçiriləcək beynəlxalq tədbir – COP29-a hazırlıq işlərinin getdiyi bir vaxtda Anar Rzayev fürsətdən istifadə edib daha çox qazanc əldə etmək istəyini gizlətmir.

Əgər belə olmasaydı, parkinqlərdə sürücüləri aylıq “tas”a otuzduran əməıkdaşları barədə çoxdan ölçü götürərdi. Deməli, bu məsələdə Anar Rzayev özü də maraqlıdı, nə yoğurub, nə yapıb, hazırca kökə tapıb.

Dövlətin ona etibar etdiyi qurumun AYNA kimi adını çirkin işlərin əks olunduğu güzgüyə çevirən A.Rzayev bilə-bilə Ramin Əliyevə “stop” qoymur. Bu, ölkə rəhbərliyinə, qanunlara, tapşırıqlara zidd çıxmaqla yanaşı, onları saymamaqdır.

Anar Rzayev söylədiklərimizin doğru olmadığını desə, əlimizdə yetərincə fakt da var, sübut da. Yağışlı gündə avtomobilini park etməyə çalışan şəxsin Ramin Əliyevin cibinə necə pul basdığını əməkdaşımız mobil telefonu ilə qeydə alıb. AYNA rəhbərliyi istəsə, həmin görüntülərə saytımızda baxa bilər. Bu da sübut, hörmətli AYNA, tədbir gör, “qoçu”nu dayandır, insanları ayağa qaldırma, dövlətin qanunlarını pozaraq vətəndaşları dövlətə qarşı qoyma.

Onsuz da AYNA yarandığı bu 3 ildə özünü təsdiq edə bilmədi, buna görə də Anar Rzayev yarıtmaz işi, yaratdığı xaos, qanunsuz əməlləri ilə artıq yola salınır. Onun yerinə təyin olunacaq müavini ümid edirik ki, A.Rzayevin etdiyi səhvləri təkrar etməyəcək, Ramin Əliyev kimi işçilərlə bağlı tədbir görəcək, yaxud əməkdaşlığı dayandıracaq.

Paylaş: