Cəmiyyət

Qaradağ rayon məktəbləri təhsildə son akkordlarını vurur!? -İLGİNC

Bu gün təhsilimiz tənəzzülə uğrayır. Qaradağ rayon məktəblərindən ardı arası kəsilməyən şikayətlər onu deməyə əsas verir ki, Bakının ən böyük rayonlarından biri olan Qaradağ rayon məktəbləri təhsildən geri qalır. Başda Lökbatan olmaqla, Sahil, Qızıldaş, Ələt, Səngəçal, Qobustan, Buta, Korgöz qəsəbələrinin sakinləri təhsil almaq üçün evdən məktəbə yola salınan övladlarının gələcəyindən narahatdır.
Redaksiyamıza daxil olan valideyn və şagird şikayətlərindən bildirilir ki, şagirdlərin istifadəsi üçün dövlət tərəfindən məktəbə gələn təminatlar elə həmin məktəblərin şagirdlərinə pulla satılır, məktəb bazara çevrilir, direktorların göstərişi ilə müəllimlər pul yığma kompaniyasında fəallıq göstərən valideynlərin əli ilə özlərinə “valideyn komitəsi” adı altında iş birliyi qurur və yaradılan qrupda fond, təmir, top, pərdə, jalüz, bayram, müəllimin ad günü və s. məqsədlər üçün pul yığılır.

İddialara əsasən demək olar ki, Qaradağ rayonunun təhsili artıq öz son akkordlarını vurmaqdadır.

Daxil olan şikayətlərdə adı çəkilən məktəblər və onları idarə edən direktor və müəllim heyətinin adı sıralamaqla bitmir. 197, 195, 110, 139, 184, 166, 222, 223, və digər məktəblər də bu çirkaba bulaşıblar. Siniflərin direktorlar tərəfindən müəllimlərə hazırlıq üçün kirayə verilməsindən tutmuş, uşaqların məcburi hazırlıqlara cəlb edilmələri, ibtidai siniflərdə təhsildən kənar kitabların məcburi satışı, məktəbə gələn təminatın satışı, müəllimlərin KSQ və BSQ “kompaniyaları”, direktorların “Gündəlik satışı” monopoliyası və s. bu kimi faktlar redaksiyamıza daxil olmaqdadır.

Qaradağ rayonu məktəblərini araşdırdıqda bəzi məktəblərdə təlim-tərbiyə üzrə müavinin olmadığı tərəfimizdən aşkarlanmışdır. Neqativ hal kimi qeyd eləmək olar ki, məktəblərdə tədris olunan informatika fənnində şagirdlərin istifadəsi üçün nəzərdə tutulmuş kompyuterlər işləmir və yararsız kompyuterlər direktorlar tərəfindən fənn müəllimlərinə məcburi düzəltmələri tələb olunur.

Redaksiyamıza daxil olan bu və ya digər faktların araşdırılması üçün Qaradağ Təhsil şöbəsindən, habelə Bakı Təhsil İdarəsindən Qaradağ rayonu Təhsil ocaqları ilə bağlı yoxlama apatrmalarını və ciddi tədbir görmələrini xahiş edirik.

Mövzuya qayıdacayıq.

Qarşı tərəf kimi aidiyyatı qurumların açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.(seher.media)

Paylaş: