“Azərbaycanda minatəmizləyənlərə güzəştli şərtlərlə ipoteka verilməlidir”.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Minatəmizləmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Minatəmizləyənlərin kifayət qədər məsuliyyətli və şərəfli iş həyata keçirdiklərini nəzərə alaraq təklif edirəm ki, onlara da güzəştli ipoteka kreditlərindən istifadə imkanı verilsin. Son illər Azərbaycanda güzəştli ipoteka kreditlərindən istifadə imkanlarının kateqoriyası genişlənir və xeyli vətəndaşımızı əhatə edir.
Bunu nəzərə alsaq, “Minatəmizləmə haqqında” qanunun qəbulundan sonra konseptual olaraq minatəmizləyənlərin də bu siyahıya əlavə olunması daha məqsədəuyğun olar. Nəzərə alsaq ki, minatəmizləyənlərin fəaliyyəti kifayət qədər risklidir və qanun layihəsi də “Əmək pensiyaları haqqında” qanuna istinad edir, təklif etmək istərdim ki, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq minatəmizləyənlər üçün də güzəştli şərtlərlə pensiyaya çıxmaq təmin olunsun. Bu, onların daha tez, yəni güzəştli şərtlərlə pensiyaya çıxmasını təmin edə bilər”, – deyə V.Bayramov bildirib.