Paytaxtın Yeni Günəşli, “A-B” yaşayış massivindəki “Sahil – S İnşaat” firmasına məxsus binadan mənzil alan Nəzərova Aynur Nəcmi qızı saxtakarlıqla üzləşib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaş Xudiyeva Nigar Akif qızı məhkəməyə müraciət edərək mənzilin ona aid olduğunu iddia edib. Lakin bunun müqabilində Nigar Xudiyeva məhkəmənin tələb etdiyi maliyyə arayışını təqdim etmir və ya edə bilmir. Bununla bağlı mənzilin əsl sahibi Aynur Nəzərovanın bildirdiyinə görə, məhkəmə hər dəfə Nigar Xudiyevadan maliyyə arayışı təqdim etməsini istəyəndə, o bundan yayınır: “Nigar Xudiyeva məhkəməyə bildirir ki, guya maliyyə arayışı var, amma onu göstərə bilməz. Yəni faktiki olaraq yalan danışır, saxtakarlıq edir. Əgər maliyyə arayışı varsa, niyə onu məhkəməyə təqdim etmir? Amma görüb ki, məhkəməni inandıra bilməyəcək, başqa qanunsuz yola əl atıb”. Aynur Nəzərova qeyd edir ki, Nigar Xudiyeva bu dəfə 44 saylı notariat kontorundan istifadə edib: “Bu şəxs hansısa yolla 44 saylı notariat kontorundan sənəd alıb və bu arayışın surətini göstərib. Deyib ki, onun əsl variantını, yəni orijinalını təqdim etməyəcək, surəti ilə tanış ola bilərsiniz. Ona görə də biz bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərdik, 44 saylı notariusun həmin sənədi verib-verməməsini dəqiqləşdirmək istədik. Bizə rəsmi cavab verildi ki, ümumiyyətlə, Nigar Xudiyeva adlı vətəndaşın 44 saylı notariat kontoruna müraciəti olmayıb”. Aynur Nəzərova cumhuriyyet.az-a şikayətində deyir ki, indi müəmmalı məsələ həmin sənədə möhür vurulması, notariusdan kağızı necə əldə edə bilməsidir: “Görünür ki, ya saxta kağız hazırlamağa 44 saylı notariusda kimsə kömək edib, yəni maddi maraq qarşılığında bunu düzəldiblər, ya da Nigar Xudiyeva tamamilə yalan danışır. Bütün hallarda 44 saylı notariat ofis buna aydınlıq gətirməlidir. Ədliyyə Nazirliyindən bizə verilən rəsmi cavabda məlum olur ki, belə bir müraciət qeydə alınmayıb, amma sənədin üzərində də notariusun möhürü var. İndi kim yalan danışır üzə çıxmalıdır və 44 saylı notariusun bu prosesdə Nigar Xudiyeva ilə əlbir olub-olmadığı araşdırılmalıdır”. Aynur Nəzərova mənzilin ona aid olduğunu, əlindəki maliyyə arayışının bunu təsdiq etdiyini əminliklə söyləyir və qarşı tərəfin iddialarının heç bir hüquqi əsası olmadığını vurğulayır.(Cumhuriyyet)