“SAFFİRA PLUS” MMC Sumqayıtı cəmi iki nəfərlə “yaşıllaşdırır” – Onların biri Zakir Fərəcovdu, bəs digəri…
Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə 30.08.2024-cü ildə başladığı açıq tenderə yekun vurub. Yaşıllaşdırma İdarəsi ehtimal olunan qiyməti 301.500,00 manat olan müsabiqədə yenə də “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib və 289.690 manat məbləğində satınalma müqaviləsi bağladığını 21.10.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.
Qeyd edək ki, bu Yaşıllaşdırma İdarəsinin “Saffira Plus” MMC ilə bağladığı ilk satınalma müqaviləsi deyil. Buna qədər tərəflər arasında 5 satınalma müqaviləsi bağlanılıb. İkisi 2023-cü ildə, üçü isə 2024-cü ildə.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 294.292 manat məbləğində satınalma müqaviləsi 22.08.2024-cü ildə bağlanılıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 293.230 manat məbləğində satınalma müqaviləsi 13.08.2024-cü ildə bağlanılıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 283.672 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 09.10.2023-cü il, bitmə tarixi 28.02.2024-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 18.07.2024-cü ildə açıqlanıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 13.06.2023-cü il, bitmə tarixi 31.08.2023-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 14.12.2023-cü ildə açıqlanıb.
Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.050 manat məbləğində satınalma müqaviləsi 14.12.2023-cü ildə bağlanılıb.
Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” (VÖEN: 6701559471) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Zeynalova Nurlanə Şahin qızı qeyd olunub.
Aktualinfo.org MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması meyyarı (işçilərin tələb olunan sertifikatlar), satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı, nəqliyyat vasitələri və xüsusi texnikalar və digər məlumatları əldə etmək üçün Dövlət Verği Xidmətinin 5 saylı Ərazi vergilər idarəsinə sorgu ünvanladı. Sözügedən idarənin rəisi, baş vergi xidməti müşavri Elməddin Süleymanovun redaksiyamıza verdiyi cavab məktubunda deyilir:
“”SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus məlumatların təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli, 45 nömrəli (AVİS qeydiyyatı: 02.10.2024-cü il tarixli, 2405110019991300 nömrəli) sorğunuza 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunmuşdur. Dövlət reyestrində “SAFFİRA PLUS” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi qeyd olunmuşdur. Sözügedən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. “SAFFİRA PLUS” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Dövlət reyestrində cəmiyyətin öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etməməsi, müflis elan olunması, təsisçilərinin nizamnamə kapitalındakı paylarının girovda olması, üzərinə həbs qoyulması və digər qaydada yüklü olması barədə heç bir məlumat aşkar edilməmişdir.
Cəmiyyətin şəxsi hesab vərəqəsinin 11.10.2024-cü il tarixə olan göstəricilərinə əsasən vergilər üzrə borcu yoxdur. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 1,36 manat, icbari tibbi sığorta haqqı üzrə 0,12 manat borcu mövcuddur. “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.”
5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərir. Həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilirlər. Yenə də 5 saylı Ərazi Vergilər İdarəsinin məlumatlarından da göründüyü kimi “SAFFİRA PLUS” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir. Bu isə o deməkdir ki, “SAFFİRA PLUS” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkar işçi qüvvəsi yoxdur.
Bəs Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin Satınalma Komissiyası tender prosedurunun keçirildiyi zaman MMC-nin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəli işçilərinin olması barədə sənədlərə baxış keçirərkən bunları görməyibmi? Axı təchizatçı tərəfindən təqdim edilən işçi heyətinin ixtisaslarının uyğunluğu şərtlər toplusunun tələbinə uyğun açıqlanmalıdır. Bu olmadıqda, satınalan təşkilatın bunları tələb etmək və yaxud da satınalmadan kənarlaşdırmaq hüququ var.
Göründüyü kimi Sumqayıtın Yaşıllaşdırma İdarəsi cəmi iki nəfər işçisi olan “Saffira Plus” MMC ilə son üç ayda 877 212 manat dəyəri olan satınalma müqaviləsi bağlayıb. Ötən il isə onların arasında bağlanan müqavilənin dəyəri 855 382 olub.Bu isə ötən ilin dekabrından cari ilin oktyabr ayına 1 732 594 manat dəyəri olan 6 satınalma müqaviləsi deməkdir.
Bəs “Saffira Plus” MMC hələ əvvəlkiləri demirik, iki nəfərlə son üç ayda əldə etdiyi 877 212 manat dəyəri olan dövlət sifarişlərini necə həyata keçirəcək? Burada bizim bilmədiyimiz, tenderlərin pərdəarxası məqamları var. Belə ki, Sumqayıtın Yaşıllaşdırma İdarəsi “Saffira Plus” MMC ilə satınalma müqaviləsi bağlayıb sifarişlərin yerinə yetirilməsi üçün vəsaitləri köçürür. “Saffira Plus” MMC isə öz növbəsində işi başqa bir subpodratçı şirkətə verir. Ortada isə dövlətin milyonları talanır.
“Saffira Plus” MMC-nin iki nəfər işçisinə gəlincə. Onların biri çox güman ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq Zakir Fərəcovdur. Digəri isə…
Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi isə Hüseyn Həsənovdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğludur.
Aktualinfo.org