Gəncə Dövlət Universitenin (GDU) bir qrup tələbəsi tərəfindən Hurriyyet.az saytının redaksiyasına növbəti şikayət məktubu daxil olub. Tələbələr bildirirlər ki, universitetin yataqxanası ilə bağlı tətbiq edilən yeni sərt qaydalar hələ də öz həllini tapmır. Bu məqsədlə onlar yenidən saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirlər:
“Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Sizdən xahiş edirik ki, biz tələbələrin səsini duyun, bizi vicdansız, korrupsioner müəllimlərin əlindən xilas edin. Sizə göndərdiyimiz şikayət məktubları rektora, dekanlığa geri göndərilir. Bizim şikayətimizə burada baxmırlar. Odur ki, bir daha Sizə müraciət etməyə məcburuq.
Qaldığımız yataqxanada bizə “məhbus” kimi davranırlar. Komendant Rəna xanım və köməkçisi Tahirə xanıma tapşırıq veriblər ki, hər səhər otaqlarımız yoxlanılsın. Sanki pis vərdişlərimiz var və biz reabilitasiyadayıq.
Soyuducuda saxladığımız ev yeməklərimiz qəsdən atılır və yaxud da necə götürülürsə, gəlib tapmırıq. Mətbəxt otağından sobaları yığışdırıblar. Otaqda balaca soba belə, işlətməyə icazə vermirlər. Özlərinin açarları ilə icazəsiz otağa girirlər. Balaca soba tapdıqda onları götürürlər.
Biz belə şəraitdə necə oxuyaq, necə təhsilə davam edək? Bizlər varlı balaları deyilik ki, restorandan yemək “zakaz” verək. Bütün bunları onun üçün edirlər ki, yeməkxanadakı köhnə və palma yağında bişmiş olan bütün yeməklər satılsın. Çünki yeməkxanaya da öz adamlarını qoyublar.
3 ildir kefləri istəyəndən istəyənə isti sudan istifadəyə icazə verirlər. İsti suyu açmırlar. Şikayet edirik, isti suyu verirlər, daha sonra yenidən soyuq su gəlir.
3 ildir binada internet yoxdur. Keçən il üçün aylığı 50 manata internet çəkdirdilər. Bu il üçün isə “5G” olub deyə qiymətinin 60 manata qalxdığını bildirirlər. Halbuki, internet heç “2G” səviyyəsində belə deyil.
Burada günü-gündən qiymətlər qalxır. Dövlət yataqxanasıdırsa, niyə şərait yaxşı deyil?
Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Yataqxanada 50-60 nəfərə yaxın tələbə qalır. 3 ildir ki, 1 soyuducu istifadəyə verilib. Təsəvvür edin ki, yayda 60 tələbə yeməyini o soyuducuda necə saxlayır. Tələbələrin özləri fərdi olaraq soyuducu alıb istifadə etmələrinə də icazə verilmir.
Valideynlərimizlə belə, saatla görüşürük. Uzaqdan gələn valideynlər soyuqda, yayın istisində çöldə saatlarla gözləyirlər. Bu qədər insafsızlıq olarmı?
Ən böyük problemimiz isə yeməkdir. Yeməkxananın dadsız, duzsuz, keyfiyyətsiz yağla bişirilən yeməklərini bizə yedirtmək üçün qadağaları istədikləri qədər sərtləşdirirlər. Narazılığımızı bildirəndə komendant Rəna xanım əsəbi halda deyir ki, xoşunuz gəlmir, yeməyin.
Bir sözlə, illik 1000 manata yaxın pul ödəyirik, amma xidmət yoxdur. Sanki, biz burda pulsuz qalırıq kimi rəftar edirlər.
Rektor və prorektor Asif müəllim arada yataqxanaya gəlib bizim şikayətlərimizlə maraqlanırlar. İradlarımızı bildirəndə isə eyni cavabı alırıq. Prorektor Gülsüm müəlliməyə isə ümumiyyətlə şikayət bildirmək olmur. Sanki bazarda danışırmış kimi, səsini başına atır.
Bizlərlə məhbus kimi rəftar edirlər. Bəzilərimizin mədəmizdə ciddi problemlər var, bu səbəbdən də pəhriz saxlamalıyıq, amma imkan vermirlər.
Biz bu yeməkxanadan zərərli yeməkləri alıb yeməyə məcburuq?”