Cəmiyyət

Ağstafanı təftiş edən olsa… HƏBSLƏR QAÇILMAZDIR! – BU DA FAKT!

Ağstafa rayonu ərazisində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə edilməsi, torpaqların əsassız zəbt olunması,mühafizə zonaları ilə bağlı pozuntuların və qanunsuz tikintilərin qarşısının alınmasına nəzarət istiqamətində ciddi tədbirlərə ehtiyac duyulur.
Bunu Ağstafa RİH başçısının müvafiq sərəncamını əsas götürülməklə Ağstafa rayonu Ceyrançöl qış otlağı ərazisində aparılmış monitorinq də bir daha təsdiqləyir.Çünki son 10-15 il ərzində Ağstafa rayonunda bələdiyyə mülküyyətində olan torpaqlarda qanunsuz və səmərəsiz istifadə hallarına yol verilməsinə,torpaqların əvvəlki tarixlərə rəsmiləşdirilməsinə,bəzən eyni ərazinin bir neçə şəxsə verilməsinə vəs. hallara görə vətəndaş şikayətlərini ölkə saytları tirajlayıb.

Faktinfo.az xatırladır ki, bu səbəbdən də bir epizod üzrə Ağstafada torpaq ehtiyatlarından səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Ağstafa RİH başçısının müvafiq Sərəncamı əsas götürülməklə Ağstafa Rayon İcra Hakimiyyəti, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi, İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsi və Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis Şöbəsinin məsul şəxslərindən ibarət yaradılmış İşçi Qrupu monitorinq aparıb.

Həyata keçirilən monitorinq zamanı Ağstafa rayonu ərazisindəki 192 № li Ceyrançöl qış otlağı ərazisinin 25 hektarından (əvvəllər Qazax rayonu Avtomobil nəqliyyatı müəssisəsinin yardımçı təsərrüfatı olmuş) “Carçıoğlu Qrup” MMC-nin nümayəndəsi Carçıyev Eldar Murtuz oğlu tərəfindən zəbt olunaraq icarə müqaviləsi olmadan qanunsuz olaraq əkin işləri apardığı müəyyən olunub. Qanun pozuntusunun qarşısının alınması ilə əlaqədar dəfələrlə E.Carçıyevə yazılı və şifahi xəbərdarlıqların olunmasına baxmayaraq nəticəsiz qalıb. Monitorinq zamanı zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi yönündə yerində aidiyyəti dövlət qurumlarının iştirakı ilə əməli tədbirlər həyyata keçirilib.

Sonrakı mərhələdə Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələblərinin pozulması ilə bağlı E.Carçıyev tərəfindən törədilmiş cinayət əməllərinin əlamətləri üzrə materiallar toplanılıb, baxılması üçün aidiyyəti üzrə Ağstafa rayon Prokurorluğuna təqdim olunacaq.

Faktinfo.az onu da bildirir ki, İşçi Qrupu tərəfindən Ağstafa rayonunun bütün kəndlərində monitorinqlərin keçirilməsi zərurəti var.Çünkü Ağstafa RİH başçısının həbs edilmiş müavini,eləcə də işdən çıxardılmış şöbə müdirləri var ki,onlar 10-15 il bundan qabaq Kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və Yerli Özünüidarəetmə Bələdiyyələrin sədrlərinin əli ilə bu rayonda 5 -10 min hektarlarla torpaqlardan öz mülkiyyətləri kimi qanunsuz istifadə ediblər,indi də bu “işi” Kənd inzibati ərazi dairələri üzrə nümayəndələr etməkdədirlər.Onların himayəçiləri də RİH-də oturan müavinlərdi.

Bu mənada “Carçıoğlu Qrup” MMC-nin nümayəndəsi Carçıyev Eldar Murtuz oğlu tərəfindən zəbt olunaraq icarə müqaviləsi olmadan qanunsuz olaraq əkin işləri aparılmasına dair fakt bir nümunədir.Belə faktlar kifayət qədərdir və Ağstafa RİH-in başçısı üçün maraqlıdırsa sərəncam versin rayonun bütün kəndlərində monitorinqlər aparılsın.Onda çoxuna-çox qanunsuzluqlar məlum olar.Torpaqları kim(lər)in əkdiyi,kim(lər)in hansı hoqqalardan çıxdıqları müəyyənləşər.Yəni baxılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim olunacaq siyahı kifayət qədər geniş olar.

Məsələn,Faktinfo.az saytına göndərilən və saytın da materiallar əsasında yayımladığı məqalədən sonra mövzu İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ciddi reaksiyasına səbəb olmuşdu.(Linkə keçid verməklə məqaləni oxuya bilərsiniz: BURA TIKLA)

Məlum məqalədən sonra əraziyə təkrar baxış keçirildi,aparılmış ölçü işlərindən sonra isə Ağstafa RİH-ə məktub göndərildi.Rayonun əvvəlki rəhbərliyinin dövrünə təsadüf etmiş bu xoşəgəlməz hala dair hansı tədbir görüldü,Ağstafa RİH rəsmi olaraq hansı müvafiq qərar qəbul etdi? Burada mövzunu uzatmaq istəmirik,sadəcə Ağstafa RİH başçısının müvafiq sərəncamı əsasında İşçi Qrupunun monitorinq aparmalı olduğu ərazilərin,kəndlərin sayının çox olduğunu,bu tədbirlərin isə Azərbaycan Respubilkası Prezidenti İlham Əliyevin insanların məşğulluğunun maneəsiz təmin edilməsi istiqamətində imzaladığı fərman və sərəncamlardan irəli gələn bir şəkildə zəruri olduğunu bir daha xatırlatmaq istəyirik.

Paylaş: