Cəmiyyət

Böyük uğurlarıyla tanınan “Azəralüminium”: Davamlı inkişaf və yüksək rəqabət

Respublikamız müstəqillik qazandıqdan sonra, ölkənin neft sektoru xarici sərmayələr sayəsində öz tərəqqi və inkişaf yolunda mövcud maneələri aşaraq, yeni-yeni uğurlara imza atmağa başladı. Qeyri-neft sektorundakı iri sənaye müəssisələri isə, tənəzzül dövrünün çətinlikləri yaşayırdılar. Nəticəsi də, göz qabağında idi. Belə müəssisələrdən biri də, keçmiş İttifaq miqyaslı Gəncə Alüminium Zavoduydu. Avadanlıqlarının köhnəliyi, idxal bazarının yoxluğu və digər xoşagəlməz səbəblər sovetlər dönəmində qazandığı nüfuzunu heçə endirir, fəaliyyətini getdikcə daha da çətinləşdirirdi.

Lakin müstəqil dövlətimizin iqtisadi siyasətinin dəstəyi sayəsində, adıçəkilən zavodun bazası əsasında müasir yönümlü yeni bir müəssisə yaradıldı — təməli 2008-ci ilin mart ayında möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qoyulan, elə, 2014-cü ilin yanvar ayının 21-də ölkə başçısının iştirakı ilə rəsmi açılış mərasimi keçirilən “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti!

İndi də, hər şey göz qabağındadır: Qürurverici iqtisadi hesabat göstəriciləri nələrdən danışmır?! Ən əsası, fasiləsiz tökmə və yayma, soyuq yayma və boyama müəssisələr kompleksi olaraq, əlvan metallurgiya sənayesinin aparıcı sənaye qurumu kimi, az müddət ərzində sürətli inkişafıyla adını müstəqil Azərbaycan Respublikasının şanlı tarixinə yazdırıb. “Azəralüminium”, həmçinin Qafqazda ilkin aluminium istehsalçısı kimi də, ölkə iiqtisadiyyatına fundamental töhfələr verməklə, beynəlxalq aləmdə böyük uğurlarıyla seçilir. Konkret desək, tanınan nüfuz yiyəsidir. Sənayenin bütün parametrləri baxımdan, müsbət mənada fərqlənən bir müəssisələr kompleksi kimi özünü tanıda bilib.

Şirkətin əsas müəssisəsi olan Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahəsi isə, 102.000 m² təşkil edir. Tərkibinə 4 zavod — Elektroliz, Anod Prosesləri, Metal Tökmə və Fasiləsiz Yayma, Təzyiqlə Emal və Boyama zavodları, 2 köməkçi Silisium Düzləndirici Yarımstansiya və Mexaniki Təmir Stansiyası və digər obyektlər daxildir. Kompleksin ümumi işçi sayı 1084 nəfərdir. Əsas enerji təlabatı Mingeçevir Su Elektrir Stansiyası vasitəsi ilə təmin edilir.

Nəzərinizə çatdırırıq ki, 2011– 2012-ci illərdə kompleksin illik 50.000 ton ilkin aliminium istehsalı gücünə malik birinci fazası işə başlayıb. İndi isə,  “Azəralüminium” MMC istehsalının 90 faizini 15-dən çox xarici ölkəyə ixrac edir. Şirkətin təklif etdiyi ilkin alüminium fasiləsiz tökmə rulonlar və soyuqyayma məhsulları, tikinti, maşınqayırma, qida qablaşdırılması, reklam, həmçinin elektroenergetika (transformatorların istehsalı) və digər sahələrdə geniş tətbiq olunur.

Qeyd edək ki, şirkət rəhbərliyi ətraf mühit və təhlükəsizlik amillərinə də yüksək həssaslıqla yanaşır. Hər bir işçinin təhlükəsizliyi və sağlamlığı rəhbərlik üçün prioritet məsələ hesab olunur. İş prosesi zamanı yarana biləcək risk səviyyəsi minimuma endirilib. Elektroliz vannaları zərərli qazların atmosferə buraxılmasının qarşısını alan xüsusi qrup qaz-toz tutma sistemi ilə təchiz edilib. Hər bir işçi xüsusi təlimlər, kurslar keçir və fərdi mühafizə vasitələri ilə, hərtərəfli təmin olunur.

Şirkətin məqsədi yüksək standartlara cavab verən təhlükəsiz iş şəraitinin yaradılması, işçilərin sağlamlığı və ətraf mühitin qorunmasına dair tədbirlərin və prosedurların təkmilləşdirilməsidir.

“Azəralüminium” MMC-nin missiyası ölkəmizin əlvan filiz yataqlarından əsas iqtisadi resurs olaraq istifadə, xammaldan müxtəlif yarımfabrikat və son məhsullar emal etməklə, əlavə dəyər yaratmaqdan, Azərbaycan Metallurgiya Sənayesinin inkişafını təmin etmək məqsədi ilə, elmi tədqiqat və sənaye sınaqları aparmaqdan ibarətdir.

Bir sözlə, ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən bu sənaye müəssisələri kompleksi qeyri-neft sektorunun inkişafına öz qiymətli tövhələrini verməkdədir. Bunun bariz nümunəsi, bu kompleksin, İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin (İİTKM) 2024-cü ilin yanvar-sentyabr ayları üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında 3-cü pillədə qərarlaşmasıdır.

Sonda, “Azəralüminium”la bağlı xüsusi əhəmiyyət kəsb edən bu cəhəti qeyd etməyi vacib bildik: Dürüstlük və bütövlük, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri şəraitində davamlı inkişaf yolu keçən bu müəssisələr kompleksinin əsas sosial-iqtisadi missiyası — regionda yeni iş yerlərinin yaradılması və işsizliyin aradan qaldırılması naminə etdikləri də  alqışalayiqdir.

Paylaş: