Bakıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən milyonlarla manat vergidən yayınan Mənzil-Kommunal Tikinti Kooperativləri (MTK) aşkarlanıb.
DVX tərəfindən bir sıra MTK-lara pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən külli miqdarda maliyyə sanksiyası tətbiq olunub.
Həmin MTK-lar barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 216 7872.08 manat əlavə vergi, 108 3936.06 manat maliyyə sanksiyası hesablanıb.
Sözügedən MTK-lar dəfələrlə vergilərdən yayındıqları üçün 20 min manatdan 600 min manatadək maliyyə sanksiyaları ilə də cəzalandırılıblar.
Qeyd edək ki, bu gün paytaxtdakı bir çox binalarda mənzillərin tikintisi başa çatıb təhvil verildikdən sonra MTK-lar həmin binaları tərk etmir.
Müxtəlif xidmət növlərini əsas gətirərək sakinlərdən vəsait toplayırlar. Bu proses bina sakinləri tərəfindən etirazla qarşılansa da həmin vəziyyət davam edir.
Ümumiyyətlə, MTK-ların mənzillər təhvil verildikdən sonra fəaliyyəti nədən ibarətdir və onların sakinlərdən vəsait toplamaq səlahiyyəti varmı?
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, MTK-lar bunu ona görə etmir ki, Azərbaycanda tikinti şirkətləri MTK kimi təsis olunur, ancaq onlar faktiki MTK deyillər:
“Qanuna görə, həmin binada mənzil almış hər bir şəxs Mənzil-Kommunal Tikinti Kooperativinin sahiblərindən birinə çevrilməlidir, yəni üzvü olmalıdır.
MTK sahibləri, üzvləri həmin binada mənzili olan şəxslərdir. Bu qanunda belədir, amma faktiki olaraq belə eləmirlər. Tikinti fəaliyyəti ilə məşğul olan şəxs MTK yaradır və ən azı 5 nəfər qohumlarından buraya daxil edir. Sonra mənzilləri satmağa başlayır.
Ancaq satılandan sonra mənzil sahiblərini o MTK-ya üzv etmir. Bunun özü qanun pozuntusudur. Təəssüf ki, vergi qurumları özü buna göz yumur. Çünki MTK-nın yeni üzvləri vergidən qeydiyyatdan keçməlidir. Niyə nəzarət etmirsiz? Problem buradan başlayır. Sonra da tikinti şirkəti binanı tikib qurtarır və buradan çıxmaq istəmir.
Çünki MTK-nın sahibi o binaya öz müki kimi baxır. İstəyir ki, sakinlərdən də pul yığsın. Binanın ümumi mülkiyyətində olan əmlakını istifadəyə versinlər. Məsələn, avtodayanacaq, binadakı kabel televiziyaları, internet provayderlərinin yerləşməsi və s. daimi pul alır.
Yəni öz mülki kimi istifadə edir, çıxmır, ona əlavə gəlir kimi baxır. Halbuki binanı tikib sakinlərə satdıqdan 1 ay ərzində çıxmalıdır. Son vaxtlar belə bir fənd işlədirlər. Guya çıxırlar, gedir Məhdud Məsuliyyətli Cəmiyyət yaradırlar.
Eyni şəxslərdən ibarət olur və guya binanı idarə edən budur. Bu da qanunsuzdur. Çünki qanuna görə, binanı mənzil mülkiyyətçiləri idarə etməlidirlər. Sadəcə, buna əlavə gəlir yeri kimi baxırlar. Təəssüf ki, buna müvafiq qurumlar reaksiya vermirlər”.