Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində onminlərlə insan günlərdir ki, su üzünə həsrət qalıb. Bu haqda Anaxeber.info-ya verilən məlumata görə, “Azərsu” ASC heç bir izahat vermədən əhalini susuz qoyub. Sakinlərin bildirdiyinə görə, artıq bir neçə gündür eyni vəziyyət yaşanır. Hazırda kompleksə su verilmir. Burada onminlərlə insan yaşayır. Sakinlər bildirirlər ki, su idarəsinə şikayət edilib, lakin heç bir nəticəsi yoxdur. “Bizə deyilmir ki, nə baş verib. Bəlkə su borusu, yaxud kəməri partlayıb, ya hansısa qəza olub, heç olmasa səbəbini açıqlasınlar. Amma əhalini sayan yoxdur və
” Azərsu ” camaatı vecinə də almır. Bu qurumun rəhbəri dəyişəndən vəziyyət bir az da pisləşib. İndi dərdimizi kimə deyək, bilmirik. Ona görə də səsimizi mətbuatla eşitdirmək istəyirik. Burada azı 30-35 insan yaşayır. Bu qədər insanı qışın sazağında susuz qoymağın adı nədir? Bəs, insanlar hardan su tapsınlar? Elə bil ki, orta əsrlər dövrünə qayıtmışıq”, – deyə sakinlər şikayətində bildirib. Onlar təcili surətdə tədbir görülməsini xahiş edirlər.