Cəmiyyət

Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? – Yararsız yollar, işləməyən avtobuslar…

Ucqar kənd sakinləri asfalt və ictimai nəqliyyatdan əziyyət çəkir. Söhbət Zaqatalanın Lahıc kəndindən gedir.

Kənd sakini Güləbənzər Yunusova Bizim.Media-nın yerli bürosuna şikayətində yaşadıqları ucqar Lahıc kəndinin yollarının bərbad vəziyyətdə olduğundan və ictimai nəqliyyatın yararsız durumundan gileylənib.

Qeyd edək ki, Qanıx çayın vadisində yerləşən Lahıc kəndi Zaqatalanın ən ucqar yaşayış məntəqələrindən biri hesab edilir. Kənddə yetərincə infrasturuktur yaradılsa da, yolların acınacaqlı durumu və ictimai nəqliyyatın olmaması sakinləri narazı salıb. Güləbənzər Yunusovanın sözlərinə görə məhz yaşadıqları küçənin yararsızlığı səbəbindən ictimai nəqliyyat onların küçəsindən keçmir.

“Yolla bağlı narahatlığımız var, həkimə gedib-gələ bilmirəm. Yolumuz çox uzaqdı, avtobus işləmir. Avtobus dayanacağına gedənə qədər çox çətinlik çəkirəm” deyir.

Güləbənzər xanımın həyat yoldaşı Maqsud kişi də yağış yağanda küçələrində nəinki insanların, heç maşınların hərəkət edə bilmədiyini bildirir.

Kənd sakini Vəfadar Atayev isə qeyd edib ki, Lahıcın mərkəzi yolları asfatlansa da onların məskunlaşdığı yeni yaşayış massivi nədənsə unudulub.

Lahıc kənd icra nümayəndəsi Yaşar İbrahimov sakinlərin qaldırdığı məsələ ilə əlaqədar bunları deyib:

“Kənd daxili yollar ancaq təsdiq olunmuş layihə əsasında inşa edilib. Yəni bizim hər hansı plana müdaxilə etmək imkanımız xaricindədir. Yerli icra və bələdiyyə orqanları olaraq hər il kəndin yeni yaşayış massivinin yollarında imkanlarımız çərçivəsində müəyyən təmir işləri aparmışıq və yeni il ərəfəsində də işlərin görülməsi nəzarətdə saxlanılır”.

Yaşar İbrahimov yaxın günlərdə kəndin yeni yaşayış massivi sayılan həmin küçədə abadlıq işlərinin aparılacağını, lazım olan yerlərə qum və çınqıl səpiləcəyini bildirib.

İctimai nəqliyyata gəlincə, icra nümayəndəsi qeyd edib ki, avtobusların həmin küçədən keçməsi üçün artıq müvafiq idarə ilə müzakirə aparılıb. Gələn ildən şəhərlə-kənd arasında işləyən sərnişin avtobuslarının həmən küçədən keçəcəyi nəzərdə tutulur.

Paylaş: