Bir həftə əvvəl Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırıldı. “Dia.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilirdi: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
Qeyd edək ki, 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Yəni göründüyü kimi, Nəsir Məmmədov postunda uzun çəkmədi… Və bu da ortaya ilginc iddiaların atılmasına nədən olub.
“Dia.az” bildirir ki, bu barədə jurnalist Sima Babayeva maraqlı paylaşımı ilə diqqət çəkib. Onun açıqlamasında deyilir:
“Dövlət başçısının sərəncamı ilə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov geri çağırılıb.
Onun adı çirkli işlərdə hallanırdı. Kişinin oğlu səfirliyi alverxanaya çeviribmiş. 20 dollara verilməli olan vizanı astronomik qiymətə-500 dollara sırıyırmış.
Bu işdə ona müəyyən firmalar vasitəçilik edib… Nəsir Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin keçmiş müavini Natiq Məmmədovun oğlu, Milli Məclisin deputatı Hicran Hüseynovanın kürəkənidir.
Cəmi bir il idi səfir göndərilmişdi. Gedən kimi özünə yaxşı qazanc yeri tapıb. Necə deyərlər,uşaqda fərasətə bax.Mən də deyirəm qaynanası nə yaxşı bu son aylar Fransada mülk alıb kompleks tikdirir, qiyməti 10 min manat olan brend dəri çanta götürür.
Sən demə, xanımın pulunun üstünə pullar gəlirmiş.Bir sözlə,kürəkəndən “yarıyıbmış”. Amma sevinci çox çəkmədi…”
Dia.az