Siyasət

Lerik təhsilində savadlı kadr problemi – İTTİHAM VAR…

“Üç ildir ki, ixtisaslı kadrlar uğrunda mübarizə aparıram. Hər il Elm və Təhsil Nazirliyinin qəbuluna düşməyə çalışıram, amma mane olurdular. Nəhayət, tələb etdiyim ixtisaslı kadrları bu ilin oktyabrında gətirdə bildim. Amma son üç ildəki qeyri-ixtisas fənlərinə görə məhkəmə iddiam davam etməkdədir. Şagirdlər yazıqdır, onların təhsil hüquqları pozulur. Uduzsam belə, sona qədər gedəcəyəm”.

Bunu Lerikin Orand kənd sakini Vaqif Cənnətov deyib.

“Maddi maraqlar illərlə şagirdlərin savadsız yetişməsinə səbəb olur”

O, üç ildir ki, Əhəd Rzayev adına Orand kənd məktəbində ixtisaslı kadrların olmaması uğrunda mübarizə aparır.

2 il bundan əvvəl də bu barədə vətəndaşın şikayəti verilib.

Həmin şikayətə əsasən 2021-ci ildən 2024-cü ilin tədris ilinə qədər məktəbdə çatışmayan fənn müəllimlərinin dərslərini direktor Babək Rəhimov özünə və məktəbdə çalışan ailə üzvlərinə həvalə etmişdi.

2021-ci ildən edilən şikayət və 20-dən çox məhkəmə çəkişməsinin səbəbi texnologiya ixtisaslı direktorun musiqi, qardaşı fizika müəllimi Müqabil Rəhimovun kimya, digər qardaşı fiziki tərbiyə müəllimi Ramiz Rəhimovun biologiya, onun kollec təhsilli ibtidai sinif müəllimi olan oğlu Mustafa Rəhimovun riyaziyyat və kürəkənləri, direktor müavini, texnologiya müəllimi Asəf Rəhimovun isə informatika müəllimi kimi çalışmasıdır.

Nəhayət, bu ciddi problem vətəndaşın israrlı tələbindən sonra bu ilin oktyabrın sonunda həllini tapıb.

Onun sözlərinə görə, məktəbə iki fənn üzrə MİQ-lə, digər çatışmayan fənlər üzrə isə müqavilə ilə müəllimlər cəlb olunub:

“İcazə verib-verməsələr də, cənub zonasında keçirilən nazir qəbullarına gedirəm. Bu il gedib Lənkəran Astara Regional Təhsil sektorunun qəbuluna düşdüm. Müdir qəbul edib söz verdi ki, məktəbə ixtisaslı kadrlar göndəriləcək. Sentyabr keçdi, oktyabrda təkrar mən Bəhruz müəllimə verdiyi vədi xatırlatdım və bu, narazılığa səbəb oldu. Oktyabrın sonu kimya, fizika, informatika, ingilis dili, coğrafiya, tarix və Azərbaycan dili müəllimi gətirildi. Tarix və Azərbaycan dili müəllimi MİQ yolu ilə təyinat alıb. Gəlməyənə qədər ingilis dilini tarix müəllimi tədris edirdi. Anormal vəziyyətdir. Nə qədər ki ixtisaslı müəllimlər gəlmir, direktor və ətrafına, regional təhsil sektoruna sərf edir. Çünki bir-birlərinə görüm-baxım edirlər. Maddi maraqlar illərlə şagirdlərin savadsız yetişməsinə səbəb olur”.

“Oktyabrın sonu müəllimlər gələndən sonra Rəhimovların əlindən bu “fürsət” alındı. İndi də dərnək və fakultativ məşğələləri götürüblər. Kənddə çox valideyn narazıdır, ancaq açıq mübarizəyə girmir. Çünki görürük ki, yazanı, tələb edəni şərləyib həbs edirlər. Mən 20 dəfə məhkəməyə getməli, mübarizə etməliydim ki, müəllimlər gətirilsin? Nazirlik çatışmayan kadrları görmür?” – o qeyd edib.

“Digər siniflərin şagirdləri niyə ixtissalı fənn müəllimindən məhrum edilməlidir?”

Ancaq vətəndaş yenə mübarizəsini və məhkəmə çəkişmələrinin davam etdirir. Səbəbi isə qonşu Niravud kənd məktəbindən müqavilə ilə cəlb olunan kimya – biologiya müəllimi Əhməd Əzizovun ancaq şikayətçinin qız övladının oxuduğu yeddinci sinfə təhkim edilməsidir.

Digər siniflər üzrə kimya- biologiya fənnini həmişəki kimi direktorun qardaşı Müqabil Rəhimov icra edir.

Onun sözlərinə görə, həmin məktəbdə təhsil alan 128 şagirdin keyfiyyətli təhsil alma hüququ pozulur. Baxmayaraq ki, öz övladı Nərmin Cənnətli ixtisaslı müəllim tərəfindən təhsil alır.

Vətəndaş deyir ki, Əhməd Əzizov yaşla əlaqədar müqavilə ilə işlədiyindən bu işə “məcbur” edilib. Hansı ki əks təqdirdə işdən birdəfəlik uzaqlaşdırılar. Ona görə də qorxudan bir sinfə dərs keçməyə razı olub:

“Əhməd müəllim qocaman müəllimdir, müqavilə ilə işləyir. Gəlmək istəməyib, yaşına görə qorxudublar. Qız övladımın təhsil aldığı yeddinci sinifdə dərs keçir. Həftədə iki gün gəlib keçib gedir. Əlavə məşğələ üçün müraciət etdim, ödənişli şəkildə. Öncə razılaşdı, sonra təsir etdilər razı olmadı. Müəllimlərə mənlə ünsiyyətə icazə verilmir. Onlar qorxur və işini itirmək istəmir. Şikayətim də budur ki, kimya müəllimi niyə tək 7-ci sinifə dərs keçir. Bütün siniflər üzrə kimya-biologiya ona həvalə olunmalıdır. Müqabil Rəhimov niyə digər siniflərə kimya fənnini tədris edir. O, fizika müəllimidir”.

“Məndən çəkindikləri üçün qızımın sinfinə Əhmədi gətirdiblər. Digər siniflərin şagirdləri niyə ixtisaslı fənn müəllimindən məhrum edilməlidir? Fənn müəllimi varkən Müqabil Rəhimov niyə ixtisasına aid olmayan fənni tədris etməlidir. Hətta ötən il məndən qisas almaq üçün birinci sinifdə oxuyan oğluma informatika dərsini sinif müəllimi keçirdi. Halbuki informatika müəllimi vardı, o bütün siniflərə dərs keçirdi, tək birincilərdən başqa. Bu da qisas idi. Bu il birinci sinfi də informatika müəlliminə təhvil verdilər. Şirvan İnzibati Məhkəməsindən Apelyasiya Məhkəməsinə verdim. İndi də qərar çıxıb ki, dərs bölgüsü mülki məsələdir. Mülki məhkəməyə vermişəm, ayın 23-də baxılmalıdır. Yüz faiz lehimə qərar çıxarmayacaqlar, ancaq sona qədər gedəcəyəm. Mən həmişə burada olmayacam, amma vicdanım buna yol vermir. Şagirdlər yazıqdır, onların gələcəyi var”, – deyə Lerik sakini bildirib.

“Niyə bu özbaşınalığa üç il göz yumuldu?”

Məhkəmə çəkişməsinin davam etdirilməsinin bir digər səbəbi isə son üç tədris illində Rəhimovların onların ixtisasına aid olmayan fənləri məqsədli şəkildə mənimsəməsidir. Hansı ki bu, Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 6.2-ci bəndinə ziddir.

Həmin bəndə əsasən, kənd rayonlarında yerləşən ümumtəhsil ocaqlarında kadr çatışmadıqda məzmun və mahiyyət etibarı ilə nazirlik məlumatlandırılmaqla uyğun fənn müəllimlərinin tədrisinə icazə verilir.

Həmin müvafiq fənlər isə ancaq kimya-biologiya, biologiya-kimya, fizika-riyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatika-riyaziyyat, tarix-coğrafiya və coğrafiya-tarix ixtisası üzrə ola bilər.

Odur ki, vətəndaş uduzsa belə sona qədər gedəcəyini deyir:

“İndiki iddiam son üç ildə Rəhimovların, xüsusilə məktəb direktorunun qanunsuz şəkildə qeyri- ixtisas fənlərini tədris etməsidir. Əgər bu mübarizəni yarımçıq saxlasam, onlar yenidən ixtisaslı kadrları didərgin salıb, əvvəlki dövrdəki kimi dərsləri mənimsəyəcək. Rəhimovlar və onları müdafiə edənlər mən kəndi tərk etsəm, sevinəcək. Mübarizəm ötən illərin haqsızlıqlarına qarşıdır ki, niyə bu özbaşınalığa üç il göz yumuldu?”

“Mənlik deyil, vakant yerləri elan edirik, təmin edən yoxdur”

Orand kənd məktəbinin direktoru Babək Rəhimov Meydan TV-yə bildirib ki, musiqi fənnindən başqa digər ixtisaslar öz həllini tapıb. Musiqi fənnini də artıq özü deyil, ədəbiyyat müəllimi tədris edir:

“Əhməd Əzizov adlı kimya müəlliminə gəldikdə isə o, Nuravud kəndində dərs keçir deyə iki gün vaxtı qalır. Digər şagirdlərin keyfiyyətli təhsil hüququ pozulmur. Qardaşım Müqabil Rəhimov savadlı kadrdır. Ancaq nəinki Orand, Lerik rayonunun əksər kənd məktəblərində çoxlu ixtisaslı kadrlar çatışmır. Bunlar isə musiqi daxil, daha çox təbiət və dəqiq fənn müəllimləridir. Əhməd Əzizovun isə ikinci iş yeri olduğundan 7-ci sinifdən başqa əlavə dərs götürə bilmir. Odur ki, Əzizov Vaqifin qızının oxuduğu sinifdə ixtisaslı müəllim kimi onun övladına dərs keçir. 30 ildən çoxdur ki, Müqabil müəllim o məktəbdə kimya və fizika fənnini tədris edir. Hansı ki şikayətçinin qardaşı məktəb direktoru çalışan vaxtlardan o eyni fənləri tədris edib. Mən heç bir müəllimə təsir edə bilmərəm. Vaqif bəy son məhkəmə iclasında etiraf etdi ki, 2024-2025 – ci ilin tədris ilindən narazılığı yoxdur. Müqabil Rəhimovla bağlı qərəzli davranır. Kimya-biologiya müəllimi isə çatışmır. Lerik rayonun əksər məktəblərində bu ixtisaslı kadrlar çatışmır. Qonşu kəndlərin özündə belə yoxdur ki, müqavilə ilə gəlib çalışsınlar. Əhməd müəllim məktəbdə ixtisasca biologiya fənni üzrə bütün dərsləri keçir. Təkcə 7-ci sinfə kimya dərsini keçir. Müqabil müəllim isə kimya fənnini tədris edir, 7-ci sinifdən başqa bütün siniflərdə. İki ildir ki, Müqabil müəllimi də yalvarıb işdə saxlamışam. O heç işləmək arzusunda deyil. O da getsə, fizikadan da müəllimsiz qalacağıq. Hər ikisi yaşlıdır. Güclə razılaşdırıb gətirmişik”.

“Müqabil Rəhimov mənim özümə dərs deyib. Respublika səviyyəli müəllimdir. İxtisasdan 40 sualdan 38-in yazıb. Şagirdləri olimpiadalarda qalib olub. Kimya fənnini 30 il ərzində tədris edib. Ancaq etiraf edirəm ki, kadr çatışmır, məktəbimizdə çatışmazlıqlar var. İllərdir ki, vakant yerlərə müəllimlər gəlmir. Bu da mənlik deyil, vakant yerləri veririk, gələn yoxdur”, – direktor belə deyir.

“Rayonda əsasən kimya-biologiya, savadlı fizika müəllimi çatışmır”

O deyir ki, məktəbə təyinat alan müəllimlər Vaqif Cənnətovun şikayəti ilə deyil, özləri seçim edərək gəliblər:

“Bu il gələnlər isə Vaqif Cənnətovun şikayəti əsasında yox, sadəcə şərait yaranıb, müəllimlər özü gəlib. İngilis dili, informatika, kimya müqavilə ilə gəlib. Tarix fənn müəllimi ötən ildən gəlib. Azərbaycan dili isə MİQ yolu ilə təyinat alıb. Necə müəllimi gətirdim? Vakansiya verilib, saatı bəlli. Kim istəyir, gəlsin. Zəng edirəm məktəblərə ki, müəllim varsa, gəlsin. İngilis dili müəllimini Masallıdan, Sumqayıtdan tanışlıqla tapıb gətirmişik”.

“Lerikdən, gəlib məktəblər üzrə araşdırma aparılsa, 90 faizində kimya-biologiya, savadlı fizika müəllimi çatışmır. İndi isə artıq riyaziyyat müəllimləri də ciddi problemə çevrilib. Ətraf kəndlərdə musiqi fənn müəllimi heç yoxdur. Riyaziyyat üzrə 10 saat vakansiya qoymuşuq, gələn yoxdur. Riyaziyyat və fizika müəlliminin 35 saat dərsi var, cədvəl üzrə də gün ərzində 7 saat dərsdir, bunu necə bölüşdürək, çatdıraq? Bir də görürsən müəllimin səhhətində problem var, məcburuq ki, kənar ixtisaslı müəllimləri cəlb edək. O da illərlə çəkir və nəticəyə təsir edir. Bu il ali təhsil məktəblərə qəbul da olmadı”, – deyə o, cavab verib.

Regional idarə nə deyir?

Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə bildiriblər ki, sözügedən məktəbdə dərs bölgüsünün düzgün aparılmaması ilə bağlı daxil olmuş müraciət araşdırılıb.

“2024-2025-ci tədris ili üzrə adıçəkilən təhsil müəssisəsində dərs bölgüsü müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi və sertifikasiya imtahanının nəticələrinə uyğun olaraq aparılıb. İxtisaslı kadrlar olmayan bir sıra fənlər üzrə dərs saatları məktəb rəhbərliyi tərəfindən vakant elan olunub və ixtisaslı müəllim təyinatı aparılıb, eləcə də təhsil müəssisəsinin pedaqoji şurasının qərarına əsasən tədris ilinin sonunadək yaxın fənn müəlliminə həvalə edilib”.

“Orand kənd sakini Vaqif Cənnətovun şagirdlərə bir sıra fənlərin qanunamüvafiq qaydada tədris edilməməsi, eləcə də övladının keyfiyyətli təhsil alma hüququnun pozulduğu ilə bağlı iddiaları Şirvan İnzibati və Apelyasiya məhkəmələri tərəfindən təmin edilməyib. Hazırda həmin kənd sakininin iddiaları Lerik Rayon Məhkəməsinin icraatındadır”, – idarədən bildirilib.

Ölkədə 4422 ümümtəhsil müəssəsi var ki, 2007-ci ildə bu təhsil müəssisələrinin sayı 4555 olub.

2007-ci ildə Dövlət Statistika Komitəsinin məlumatına görə ümumtəhsil ocağında fəaliyyət göstərən müəllimlərin sayı 170 min 344 nəfər olub.

On iki il sonra bu göstərici 153 min 24 nəfərə çatıb.

Hazırda isə üç min də azalıb 150 min 868 nəfərdir. Bu rəqəmin 130 minini müəllimlər təşkil edir. Digərləri direktor və direktor müavinidir.

Ümumilikdə isə 147 min 240 nəfəri dövlət, 3628 nəfər özəl məktəblərdə çalışır. Onun da 124 min 840-nı qadınlar təşkil edir.

Ekspertlər də ildən-ilə müəllimlərin özəl təhsil ocaqlarına can atdığını və kənd, region məktəblərindən paytaxta doğru üz tutduğunu qeyd edir.

İşə qəbula gəldikdə isə 2023-2024- cü il tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 2967 gənc müəllim müddətsiz, 3114 gənc müəllim müddətli müqavilə ilə işə qəbul olub.

2024-2025-ci tədris ili üzrə isə 1544 namizəd uğur qazanaraq müddətli müqavilə ilə, 5701 nəfər isə müddətsiz çalışmaq imkanı əldə edib.

7345 müəllimdən 2123-ü Bakı məktəblərinə təyinat alıb. Onların da 1084 nəfəri müddətsiz müqavilə ilə işə alınıb. Son 5 il ərzində 35 min müəllim işə qəbul olunub ki, onun da 19 mini bölgələrdə fəaliyyət göstərir.

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə kadr probleminin yaşanmadığını desə də, ancaq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi Təhsilin Təşkili Şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı keçirilən brifinqdə əksini demişdi: “İki mindən artıq vakant müəllim yeri üç ildir, heç bir namizəd tərəfindən seçilmir”.

“Vakansiya göstərilməyən məktəblərdə belə ciddi müəllim çatışmazlığı var”

Təhsil eksperti Cahid İmanlı qeyd edir ki, çatışmayan kadrlar ucqar rayon və kənd məktəblərinin payına düşür.

Ekspert deyir ki, son onilliklərdə sosial-iqtisadi problemlərdən dolayı əhalinin kəndlərdən şəhərə axını çoxalıb. Bu da təhsil sahəsinə təsirsiz ötüşmür:

“Çünki təhsil dövlətin ən strateji, prioritet hədəfini təşkil edir. Məsələnin mahiyyəti odur ki, şəhər məktəblərində həm müəllim, həm də şagird sıxlığı olduğu halda, kənd yerlərində əksinə mövcud azsaylı şagird kontingenti və ixtisaslı müəllim çatışmazlığı konteksti yaşanır. Bu xüsusilə dərs saatı az olan fənlərdə müşahidə olunur. Səbəb isə sadədir: əhalini şəhərə köçməyə məcbur edən amillər müəllimləri də ucqar dağ kəndinə getməyə çəkindirir. Yol, internet, işıq, kommunal və digər bu kimi faktorlar gənc müəllimlərin, xüsusilə xanım müəllimlərin ucqar dağ kəndlərində işləməsinə mane olur. Onlar hansısa kənd məktəbinə işə qəbul olanda da adətən “direktorlarla razılaşıb” həftənin müəyyən günündə, sadəcə, jurnal yazmaq üçün gedirlər. Deməli nəinki rəsmi olaraq faktiki vakansiya olan məktəblərdə, həm də vakansiya göstərilməyən məktəblərdə belə ciddi müəllim çatışmazlığı var. Hazırda bu problemi köklü sürətdə həll etmək tam mümkün olmasa da, həlli istiqamətində müəyyən işlər görmək vacibdir”.

Yüksək əməkhaqqı vədi, yoxsa distant təhsilin tətbiqi?

Təhsil eksperti çatışmayan kadrlarla bağlı yüksək əməkhaqqı və distant təhsil sisteminin tətbiqini uyğun görür:

“Tədbirlərdən biri razılığa əsasən 3-5 illik müqavilə və yüksək əmək haqqı vermək şərti ilə müəllimləri kənd məktəblərinə işləməyə göndərmək olar. Digər tədbirlərdən biri kimi distant təhsili məsləhət görə bilərəm. Onsuz da hazırda kənd yerlərində yaşayan onlarla şagird “şəhər müəllim”lərinin “onlayn” məşgələsinə qoşulur. Yəni bu təcrübə mövcuddur. Bunu rəsmiləşdirib, müəyyən təhsil platforması üzərindən şagirdləri dərsə cəlb etmək olar. Nazirlik, bu baxımdan şagirdlərin müəyyən texniki ehtiyaclarını qarşılayıb, “onlayn” siniflər yarada bilər. Bu həm də hazırda şagird sayı az olan məktəblərin diferensiallaşması baxımından da önəmli ola bilər. Belə ki, nəqliyyat çətinliyi olan, daşınması mümkün olmayan dağ kənd məktəbinin şagirdlərini bu yolla təhsilə cəlb etmək olar, həm də nəinki eyni məktəb, bir neçə məktəbin şagirdlərini. Bu zaman mərkəzləşmiş qaydada dərslərə nəzarət də etmək daha asan olar”.(Dia.az)

Paylaş: