Siyasət

“Aqrarkredit” QSC-nin “Libra” MMC-yə qarşı MİN OYUNU… – İLGİNC FAKTLAR…

Bir müddət əvvəl Səbail rayonu Nizami küçəsində yerləşən 21 mərtəbəli Landmark Biznes Mərkəzinin hərraca çıxarılması barədə məlumat yayılıb.

Manset.az-ın məlumatına görə, Landmark Biznes Mərkəzindən bildirilib ki, binanın hərraca çıxarılmasında haqsızlıq olub.

Belə ki, Şikayətçi “Libra” MMC (xarici şirkət) bildirir ki, ona qarşı qərəzli mövqe, haqsızlıq var və hələ də davam edir.

Belə ki, hazırda Cəmiyyətə məxsus Landmark Biznes Mərkəzi “İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən satılması üçün hərraca çıxarılmışdır.

Həmin Cəmiyyətin əvvəllər adı “Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC olmuş, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilmişdir.

“Libra” MMC-dən bildirilmişdir ki, əldə olunmuş məlumata əsasən, cəmiyyət barasində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adı çəkilən təşkilat uzun müddət fəaliyyət göstərməmişdir. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər.

Şikayətçi bildirib ki, ipoteka predmeti olan “Libra” MMC-nin mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binası hazırda 2013-cü ildə qoyulmuş likvid dəyər əsasında hərraca çıxarılır və əmlakın hazırkı real likvid dəyəri nəzərə alınmır.

Əlavə olaraq şikayətçi qeyd edib ki, “Aqrarkredit” QSC BOKT 2019-cu ildə “Libra” MMC-yə məxsus təsis payının 50 %-ni bağışlanma yolu ilə əldə etməsinə baxmayaraq, yenidən Cəmiyyətə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli qeyri-yaşayış binasının hərracda satılmasına nail olmağa çalışır.

Qeyd olunanlara əsasən, “Libra” MMC Azərbaycan Respublikası Ədliyye Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edir.

Paylaş: