Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb: “Nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur”.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü yanvarın 6-na təsadüf edəcək.