Cəmiyyət

Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? – Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu

Bakının Suraxanı rayon Hərbi Komissarlığı deyəsən, “əhd” edib ki, sağlam olmayan şəxsi əsgərliyə göndərəcək. Bu qərəzin və hikkənin səbəbi məlum olmasa da, fakt budur ki, həm “B14” diaqnozu qoyulmuş, həm ürək problemi olan bir gəncin tibbi müayinəsinin nəticələrinə məhəl qoymadan onu süründürür, hərbi xidmətə göndərmək üçün müxtəlif bəhanələr gəzirlər. Söhbət Talıbov Turan Azər oğlundan gedir. Bu barədə Anaxeber.info-ya Talıbov Turanın atası danışıb, övladının başına gələn son məsələləri açıqlayıb. Saytın baş redaktoru olan Azər Talıbov bildirib ki, oğlunun üzləşdiyi problemi ictimailəşdirdikdən sonra Suraxanı rayon Hərbi Komissarlığı əlaqə saxlayıb və övladı Turan Talıbovu çağırıb. “Mən Prezidentə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova müraciətimdə bu məsələnin həllini xahiş etmişdim. Bildirmişdim ki, oğluma ” B 14″ diaqnozu qoyulub, üstəlik, yanaşı ürək problemi də var. Demişdim ki, bütün müayinələrdən keçmişik və Turan Talıbovun problemləri təsdiq olunub, əlimizdə müayinənin nəticələri var. Amma Suraxanı hərbi komissarlığının əməkdaşı Namiq Orucov rəhmətə gedib deyə onun dövründə keçilən komissiyanın nəticələri indi məqbul sayılmır, bizdən təkrar müayinə tələb edilir. Xidmətin əməkdaşı vəfat edib deyə niyə müayinənin nəticələri qəbul edilməməlidir?
Talıbov Suraxanı hərbi komissarlığında həkim yanına aparılıb və o, müayinə etdikdən sonra vərəqəyə sağlam olduğu haqda yazılmasını istəyib. “Dedim ki, sağlam olmayan uşaq haqda bu rəyi necə yaza bilirsiniz? Komissarlığın əməkdaşı qayıtdı ki, biz yox, həkim yazıb. Sonra da sənədi və uşağın fotosunu cırıb tulladılar.

Halbuki Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Dediyim bu məsələlər ötən həftə mediada yayıldı, sosial şəbəkələrdə paylaşıldı, şikayətimi çatdırdım. Ondan sonra Suraxanı hərbi komissarlığı mənimlə əlaqə saxladı və deyildi ki, uşağı göndərin. Mən də həmin saat özüm vaxt edə bilmədim deyə uşağı dayısı ilə komissarlığa yolladım”.
Azər Talıbovun sözlərinə görə, Suraxanı hərbi komissarı ilə görüş olub və deyib ki, bir anlaşılmazlıq yaranıb, göndəriş verəcək: “Onun yanından çıxandan sonra şöbənin Zahir adlı əməkdaşı, özü mülki formada olan şəxs yaxınlaşıb və məsələni öyrənib. Məlum olub ki, həmin Zahir adlı şəxsdən şikayət etdiyimə görə acığa düşüb, prinsip aparmağa başlayıb, Turanın işini yenə dolaşığa salıb. Halbuki şöbənin komissarı anlaşılmazlıq olduğunu deyərək göndəriş verəcəyini bildirmişdi. Ancaq Zahir komissarın otağına girib, çıxdıqdan sonra Turana və dayısına deyib ki, sizə göndəriş verilməlidir, həm 2 saylı psixiatriya xəstəxanasından, həm Sabunçu xəstəxanasından keçəsən. Sonra deyib ki, biz psixiatriya xəstəxanasına çağırışçının yanında öz əməkdaşımızı göndəririk, amma hazırda getməyə adamımız yoxdur”.
Azər Talıbov şikayətində qeyd edir ki, Zahir adlı şəxsin dediyi qanunsuzdur və komissarlıq komissiyadan keçməli olan hər çağırışçıya heç də öz əməkdaşını qoşmur: “Gün ərzində onlarla insan müayinədən keçir. Onlara bu qədər əməkdaş tapıb göndərmək olar? Əlbəttə ki, Zahirin qərəzi, hikkəsi obyektiv olmağa imkan verməyib. Onun məqsədi bu idi ki, kimisə Turanla göndərsin, 2 saylı psixiatriya xəstəxanasında sağlam olduğu haqda yalan rəy yazdırsın. Çünki Sabunçu xəstəxanasında ürəklə bağlı müayinəyə komissarlıq işçisi göndərmək lazım gəldiyini deməyib. Çünki ürək problemi yandaş xəstəlikdir, əsas Turanın “B 14″ diaqnozudur ki, komissiya bu rəyi birinci götürür. Qanunla bizə göndəriş verməliydi, biz də gedib 2 saylı psixiatriyada keçməliydik. Ancaq Turanla guya əməkdaşlıq getməli imiş və guya işçi tapılmayıb. Yenə deyirəm, qanunsuz məsələdir, göndərişi verməliydi ki, gedək. Sadəcə, adının hallanması, ondan şikayət etməyimə görə acığa düşüb və komissarın yanına gedərək işimizə əngəl olub”.
Azər Talıbov bildirir ki, bundan sonra oğlu və onun dayısı komissarlıqdan evə qayıdıb: “Mən bu məsələni ictimailəşdirmək məcburiyyətində qaldım. Çünki oğlum hərbi xidmətə yararsız, sağlam olmadığı halda, bu cür süründürməçiliyə yol verirlər, keçdiyimiz müayinənin nəticələrini tanımırlar ki, komissarlığın rəhmətə gedən işçisi Namiq Orucovun vaxtında olubmuş. Yəni ilk gündən bəhanələr, əsassız tələblər irəli sürülür. Ona görə də mən bir daha dövlət rəhbərliyindən və Mürsəl İbrahimovdan xahiş edirəm ki, bu iş nəzarətə götürülsün. Artıq başqa yol qoymurlar və hər dəfə problem yaradırlar. O bizim günahımız deyil ki, komissarlıq işçisi Namiq Orucov vəfat edib. Biz komissiyadan keçmişik, nəticələri də hazırdır, ümumiyyətlə, təkrar müayinə tələbi qanunsuzdur.
mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və onun rəhbərliyinə güvənirəm, bu müraciətimin obyektiv araşdırılacağına inanıram. Sizdən xahişim budur ki, oğlum Turan Talıbovla bağlı müayinələrin nəticələri və diaqnoz əsas götürülsün, bizə mane olan komissarlıq işçiləri ilə bağlı məsələ araşdırılsın”.
Onu da qeyd edək ki, bu Xidmətdə belə əməkdaşların sayı az deyil. Bunu qurumun açıqladığı rəqəmlər sübut edir. Təkcə 2024-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə SHÇDX-nin yaydığı məlumatda bildirilir. Vurğulanır ki, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.
Anaxeber.info

Paylaş: