Cəmiyyət

Prezidentin islahatlarına kölgə salan sahibkarları əzməyə çalışan Gömrük OLİQARX rəhbərləri… – Bakı Baş Gömrük İdarəsində Sahibkarlara Qarşı Qanunsuz Təzyiqlər və Məmur Özbaşınalığı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə müraciət

Azərbaycan dövləti sahibkarlığın inkişafına daim dəstək vermiş, iş adamlarına əlverişli biznes mühiti yaratmaq üçün mühüm islahatlar həyata keçirmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri gömrük rəsmiləşdirilməsinin şəffaf və operativ aparılması, sahibkarların lüzumsuz vaxt itkisinə məruz qalmamasıdır. Lakin Bakı Baş Gömrük İdarəsində baş verən qanunsuzluqlar və məmur özbaşınalığı bu siyasətin icrasına kölgə salır.

Gömrük Rəsmiləşdirilməsində Süni Maneələr

Əvvəllər gömrük rəsmiləşdirilməsinə 3 gün vaxt ayrılırdı, lakin sahibkarların fəaliyyətini asanlaşdırmaq üçün bu müddət 24 saata endirildi. Bunun əsas məqsədi iş adamlarının vaxtına və biznes maraqlarına hörmətlə yanaşmaq idi. Lakin Bakı Baş Gömrük İdarəsində bu müddətə əməl edilmir və bəzi hallarda mallar günlərlə – hətta 24 günə qədər – gömrükdə saxlanılır. Halbuki qanunvericiliyə əsasən, mübahisəli məsələlər ən geci 4 saat ərzində həll olunmalıdır.

Gömrük Dəyərinin Müəyyən Edilməsində Qanunsuzluqlar

Qanunvericiliyə görə, gömrük dəyərinin müəyyən edilməsi üçün 6 əsas metod var. Lakin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq 7-ci, 8-ci və hətta 9-cu metodları tətbiq edərək sahibkarlara qarşı əsassız maneələr yaradırlar.

“Lion Centre” MMC-nin direktoru Ramil Aslanovun bildirdiyinə görə, onun mallarına dəfələrlə baxış keçirilib və heç bir uyğunsuzluq aşkar edilməyib. Buna baxmayaraq, onun şirkətinə məxsus yüklər süni maneələrə məruz qalır, digər tərəfdən bəzi himayə olunan şirkətlərin malları gömrükdə heç bir problem olmadan rahatlıqla rəsmiləşdirilir. Bu, açıq-aşkar məmur özbaşınalığının və şəxsi qərəzin bariz nümunəsidir.

Şikayətlərin Araşdırılmamasına Dair İddialar

Mövcud qaydalara əsasən, aşağı instansiya qərarlarından yuxarı instansiyalara şikayət etmək hüququ var və yuxarı instansiyalar bu məsələlərə müstəqil şəkildə baxmalıdır. Lakin Dövlət Gömrük Komitəsinin Audit İdarəsinin yeni rəis müavini Elçin Qasımzadə qanunvericiliyə zidd olaraq şikayətləri yenidən Bakı Baş Gömrük İdarəsinə qaytarır. Bu isə sahibkarların problemlərinin obyektiv şəkildə araşdırılmasına imkan vermir və korrupsiyaya yol açır.

Ramil Aslanov qeyd edir ki, 01 noyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına müraciət etməsinə baxmayaraq, bu günə qədər heç bir cavab almayıb. Halbuki qanunvericiliyə əsasən, bu kimi müraciətlərə operativ cavab verilməlidir. Bu isə bir daha sahibkarlara qarşı süni əngəllərin yaradıldığını və məmur özbaşınalığının davam etdiyini sübut edir.

Prezidentə Müraciət

Ramil Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətdə Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirilməsi ilə bağlı qanunsuz əməllərin araşdırılmasını və sahibkarlara qarşı süni maneələrin aradan qaldırılmasını xahiş edir. O, aidiyyəti dövlət qurumlarının rəhbərlərinə müvafiq göstərişlərin verilməsini, həmçinin gömrük orqanları tərəfindən ona qarşı tətbiq edilən təzyiqlərin dayandırılmasını tələb edir.

Müraciətdə vurğulanır ki, Azərbaycan Respublikasının rəhbərliyi daim sahibkarlara dəstək vermiş və biznes mühitinin yaxşılaşdırılmasına çalışmışdır. Lakin bəzi məmurların qeyri-qanuni əməlləri bu siyasətin icrasına maneçilik törədir. Ramil Aslanov inanır ki, dövlət başçısının diqqəti sayəsində bu kimi qanunsuzluqlara son qoyulacaq və sahibkarların hüquqları tam şəkildə qorunacaqdır.

Haşiyə: “Həmçinin Ramil Aslanov qeyd edib ki, Gömrük Oliqarxı Elmir Ramazanov hər kəsə mənim arxamda Elnur Əliyev durub hara üreyin istiyir şikayət et deyir. Sahibkar bu ifadələrdən tədirgin olaraq onun qanunsuz əməlinə boyun əyir, Ramil Aslanov isə qanusuz tələbləri qəbul etmir. Ramil Aslanov gömrükdə hər qanunsuz tələb gördükdə bildirir ki, ölkədə son sözü Prezident deyir. Ölkənin qanunlarının təminatçısı məhs İlham Əliyevdir heç kəs ölkə qanunlarından üstün ola bilməz… Elmir Ramazanovun Elnur Əliyevin adından bu qədər istifadə etməsi heçdə normal hal deyil. Ataların yaxşı deyib “od olmayan yerdən tüstü çıxmaz”. Elnur müəllim bu Elmir Ramazanovun sizin adınızdan sahibkarları hədələməsi qəbul ediləndirmi? Baxın biz bu suala cavab tapa bilmirik, bəlkə siz bunun cavabını bizlərə deyəsiniz!”(BakuNews.az)

Paylaş: