Son bir il ərzində paytaxtın Xocalı prospektində hərəkətin təşkili ilə bağlı edilmiş yeniliklərdən sonra yaranmış problemlər bitmək bilmir.
Mövzu ilə bağlı dəfələrlə məlumatların yayılmasına baxmayaraq, prospekt boyu avtobus zolağının çəkilməsindən sonra parkinq ərazisindən çıxan bəzi minik avtomobillərinin cərimələnməsi davam edir. Bu da sürücülərin haqlı narazılığına səbəb olur.
Belə ki, sürücülər avtobus zolağının sağında yaradılmış parkinq ərazisindən çıxıb avtomobillə öz zolaqlarına doğru hərəkət edərkən qarşıda kəsilmiş xətlə nişanlanmış hissənin olmadığı üçün növbəti yol kəsişməsinədək avtobus zolağı ilə hərəkət etməyə məcbur olur. Bu da onların ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerdə hərəkət etməsi anlamına gəlir və DYP kameraları vasitəsilə 100 manat + 2 cərimə balı ilə cərimələnməsinə gətirib çıxarır.
Prospektdə hərəkətin təşkilinin təmin edilməsi layihəsini həyata keçirmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daha əvvəl də burada problemin olmadığını açıqlasa da, sürücülər hələ də qeyd edilən məsələyə görə cərimələndiklərini bildirirlər.
Sözügedən yoldan daha bir sürücü video paylaşıb, haqsız yerə cərimələndiyini bildirib. Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirib ki, vətəndaşın sosial şəbəkə hesabından etdiyi son videomüraciətlə əlaqədar araşdırma aparılır: “Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək”.
VİDEO BURADA: Baxmaq üçün tıklayın...
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a belə açıqlama verilib: “Xətai rayonunun Xocalı prospektində avtobus zolağı və parklanma məntəqələri yolun hərəkət hissəsinin sağında yanaşı yaradılıb. Parklanma yerinə daxil olmaq və oradan çıxmaq üçün xüsusi hərəkət zolağında qırıq xətlərlə giriş və çıxış təşkil edilib. Hərəkət iştirakçılarına yol cizgi xətlərinin tələblərinə riayət etmək tövsiyə olunur”.
Ümumilikdə isə ərazidən paylaşılan görüntü göstərir ki, burada parkinq ərazisinin seçimi və hərəkətin təşkilində müəyyən qüsurlar var. Çünki Xocalı prospektində yerləşən şadlıq evinin qarşısındakı mövcud cib tipli parkinq piyada səkisinin hesabına yaradılıb. Mütərəqqi şəhərsalma prinsiplərinə uyğun olmayan parkinqin yaradılması ilə ərazidə piyadalar üçün çox ensiz bir yer qalıb və onların hərəkəti xeyli çətinləşib. Bundan başqa avtobus zolağından sağda parkinqin yerləşməsi həm də ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə də əlavə çətinliklər yaradır və qəza riskini artırır.