Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb – 2 milyon manata yaxın pulu gözdən çıxardı
10 AZN-lik Şirkətlər Milyonluq Tenderləri Necə Qazanır?
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin keçirdiyi tenderlər suallar doğurur
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi bu ay ərzində iki iri məbləğli tender keçirib. Maraqlıdır ki, hər iki tenderin qalibi olan şirkətlərin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir.
İlk tenderin qalibi “DİRECT LİNE TRADİNG” MMC olub. Şirkətlə 1.109.884,4 AZN məbləğində müqavilə bağlanıb. Müqaviləyə əsasən, şirkət qurumu aşağıdakı materiallarla təmin etməlidir:
Mişar daşı (400x200x200mm) – 10.000 ədəd
Mişar daşı qırıntısı (40x70mm, karbonat) – 15.000 m³
Qum-qırmadaş qarışığı (optimal tərkibli) – 20.000 m³
Qum-çınqıl qarışığı – 5.000 m³
Çınqıl (15x25mm) – 7.000 m³
İnşaat qumu (suvaq üçün) – 2.000 m³
Məlumat üçün bildirək ki, “DİRECT LİNE TRADİNG” MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Sənan Məmmədov Vaqif oğludur.
Digər tender isə kartriclərin satın alınması ilə bağlı olub və qalib “CASPİAN SUPPLİES AZE” MMC seçilib. Şirkətlə 560.002,98 AZN məbləğində müqavilə bağlanması gözlənilir. Bu şirkətin də nizamnamə kapitalı cəmi 10 AZN-dir və qanuni təmsilçisi Tariyel Vahabov Tofiq oğludur.
İctimaiyyət arasında belə suallar yaranır: İri məbləğli tenderlərdə maliyyə dayanıqlılığı və texniki imkanları şübhə doğuran şirkətlər necə qalib seçilib? Onların bu həcmdə öhdəlikləri yerinə yetirmək üçün real resursları varmı?
Bu cür müqavilələrdə əsas risklərdən biri, şirkətlərin maliyyə dayanıqlılığının şübhə doğurmasıdır. Cəmi 10 AZN nizamnamə kapitalına sahib olan bu şirkətlərin böyük tenderləri icra etmək üçün kifayət qədər maddi və texniki imkanlara malik olmamaları mümkündür. İcra gücü olmayan şirkətlərin müqavilələri yerinə yetirə bilməməsi hallarında, bu, tenderin ləğv edilməsi və əlavə maliyyə itkisi ilə nəticələnə bilər. Həmçinin, müqavilə şərtlərinin yerinə yetirilməməsi, şirkətlərin öhdəliklərini yerinə yetirə bilməməsi və dövlət resurslarının itirilməsi kimi ciddi risklər yaranır.
Xatırladaq ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədrlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub
32gun.az