Cəmiyyət

“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub

“Villa Badam” kompleksinin rəhbərliyi vətəndaşı aldatmaqda günahlandırılır. Bu barədə zərər çəkən olduğunu deyən Cəlilabadın Novruzallı kənd sakini Məmmədov Ağayar Əyyar oğlu özü şikayətini ictimailəşdirib. Ağayar Məmmədov Prezidentə müraciətində işin nəzarətə götürülməsini xahiş edib.

Tribunainfo.az məlumat verir ki, şikayətçi 2016 -cı ildə hərbi xidmətini başa vurduqdan sonra işləmək məqsədilə Bakıda yaşayan qohumu Valehə müraciət etdiyini açıqlayıb: “O, mənə özünin də işlədiyi” Villa Badam” şirkətində fəhləlik işi olduğunu bildirdi. Mən orada aylıq 350 manat maaş müqabilində fəhlə işləməyə başladım.
Üç aydan sonra şirkətin direktoru Elena xanım məni və digər fəhlələri yanına çağırıb adımıza bankdan pul götürmək istədiyini bildirdi. Bizə maaşlarımızı verən, şirkətin rəhbəri Fikrət müəllimin qardaşı oğlu Tərxan təkidlə bu işdə onlara kömək etməyə razılıq verməyimizi xahiş elədi.
O bizə dedi ki, sizə heç bir problem olmayacaq. Biz şirkətin mənzillərini banka qoyub sizin adınıza pul götürəcəyik. Sonra şirkətə məxsus mənzilləri satıb qısa müddətdə bankı bağlayacağıq. Bizə heç bir problem olmayacağını bildirdi.
2016 -cı il avqustun 4-də Elena xanım və Tərxan qohumum Valehlə məni banka apardı. Hazır sənədlərə qol çəkdirib geri qayıtdıq.
2017-ci ilin fevralında məni işdən çıxardılar. Dedilər ki, bankdan adına götürdüyümüz pulu ödəmişik.
Mən kəndə qayıtdım. 2022-ci il yanvarın 4 də mənə məlum oldu ki, problem həll olunmamış qalır”.
Şikayətçi bildirib ki, Tərxana zəng vurub vəziyyəti deyib: ”
O, bir az gecikməmiz olub deyə məsələni həll edəcəyinə söz verdi.
Sonra şəhərə gəlməyimi bildirdi. Mən şirkətə gedib rəhbərliyə bildirdim ki, adımı bankdan çıxarın.
Onlar məni notariusda adıma götürdükləri pula görə girov qoyduqları evdən imtina etməli olduğumu bildirdilər. Yalnız bu halda mənim adımı bankdan çıxara biləcəklərini dedilər və onlar məni notariusa gətirib mənzildən imtina etməyim haqda sənədi aldılar.
Mənə arxayın olub gedə bilərsən dedilər. Bankdan isə mənə bildirdilər ki, problem həll olunmamış qalır”.
Vətəndaş yenə şirkətlə əlaqə saxlayıb vəziyyəti onlara deyib: “Onlar mənə narahat olmamağımı və bankdan adımı çıxartdıqlarını bildirdilər.
Bir müddətdən sonra telefonuma bankdan bildirişlər gəldi. Mən artıq şirkət tərəfindən aldadıldığıma əmin oldum. Dəfələrlə şirkət rəhbərliyindən mənə yaratdıqları problemi həll etmələrini tələb etsəm də, hər dəfə müxtəlif bəhanələr gətirərək məni aldadırlar.
Cənab Prezident, ümidim sizədir. Xahiş edirəm ki, aidiyyatı qurumlara mənə kömək etməyə göstəriş verəsiniz”.
Qeyd edək ki, bu kompleksin sahibi haqda internet resurslarında məlumat verilmir. Sadəcə, satılan evlərin elanına rast gəlmək olur. Hüquq müdafiəçiləri ortada etibardan sui-istifadə olduğunu iddia edərək məsələnin məhkəmə müstəvisində həll olunmasının vacibliyini qeyd edirlər.

Paylaş: