“Azercell”in müştəri xidmətlərinə zəng edən vətəndaş soyulduğunu iddia edib.
Sosial şəbəkədə yayılan videoda vətəndaş xəbəri olmadan hansısa pullu proqrama qoşulduğunu bildirir. “Azercell” abonenti olduğunu deyən vətəndaş müştəri xidmətləri ilə əlaqə saxlasa da, dəstəyin digər tərəfində olan xanım vətəndaşa həmin xidmətə necə qoşulduğunu izah edə bilmir.
Müştəri haqlı olaraq hər gün balansından çıxılan pulların hara və hansı xidmətə tutulduğunu bilmək istəyib. Mobil operator əməkdaşının isə bu barədə heç bir köməklik göstərə bilmədiyini bildirib.
Bəs, belə hallarda vətəndaş nə etməli və sualını kimə ünvanlamalıdır?
Mövzu ilə bağlı фçıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, müasir texnologiyaların tətbiq olunduğu sahələrdə istehlakçıların soyulması prosesi gedir: “Bu sahədə mənə çox şikayətlər gəlir. Sanki müasir telefon cihazlarının istehsalçısı ilə operatorların gizli bir əlaqəsi var. Telefonlara elə funksiyalar qoyurlar ki, insanların özlərinin də xəbəri olmadan hansısa proqrama qoşulurlar. Bu çox ciddi bir problemdir. 28 ildir ki, mobil operatorlarla bağlı olan şikayətlərin heç birini nə danışıq yolu ilə, nə də dövlət orqanlarının köməyi ilə həll edə bilməmişik. Bunlar müasir texnologiyaların üzərindən gedən məsələlərdir”.
Ekspert bildirib ki, günümüzdə mobil operatorlardan ciddi narazılıqlar var: “Etiraf edək ki, bu gün də bu sahə ilə bağlı böyük istehlakçı narazılığı var. Telefon cihazları müasirləşdikcə onlarla müəyyən iş görəndə hansısa proqramlara avtomatik qoşulma baş verir. Operatorlar isə bunu müxtəlif səbəblərlə əsaslandırırlar. Əslinə qalsa, kənardan baxanda onlar böhtan atmırlar. Elə bir texnologiya ilə rastlaşmışıq ki, soyuluruq. Bu sahədə heç bir ictimai nəzarət yoxdur. Heç bir ictimai şura fəaliyyət göstərmir. Çox təəssüf ki, bu sahədə mütəxəssis qıtlığı da var ki, onlar da bu işləri incələmirlər. Bu sahə qaranlıq və olduqca qapalı bir məsələdir”.(bizimxeber.az)