Cəmiyyət

“Tibbi yardım göstərilmədiyi üçün oğlum HƏYATINI İTİRDİ” – Şəkidəki xəstəxanadan ŞİKAYƏT

Şəkinin ucqar kənd sakinləri çıxılmaz vəziyyətdə qalıb.

Şəki rayon mərkəzindən 40-45 km ucqarda yerləşən 15 çarpayılıq Aşağı Göynük kənd xəstəxanası ən müasir tibbi avadanlıqlar və həkim heyəti ilə təmin olunub. Bu xəstəxana son bir neçə ilə kimi sakinlərin sözün əsl mənasında tibbi sağlımlığının keşiyində dayanıb. Xəstəxananın həkim və tibbi heyəti olduğu halda artıq bir müddətdir ki, sakinlər burada nəinki müalicə ala bilir, heç ilkin tibbi xidmət belə göstərilmir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2013-cü ildə Şəkinin 10-dan artıq yaşayış məntəqəsini əhatə edən Göynüklər kəndi ərazisində müasir tələblərə cavab verən xəstəxana inşa olunub. Burada 50 min əhaliyə tibbi xidmətin göstərilməsi nəzərdə tutulurdu. Sakinlərin sözlərinə görə bu müddətdə onlara hər cür tibbi xidmətlər göstərilib. Lakin son aylar bəzi tibbi xidmətlər dayandırılıb ki, bu da onlara ciddi problemlər yaradır.

Kənd sakini Hikmət Yusifovun evində üç əlil şəxs var.

Onun özü də xəstəlikdən əziyyət çəkir. Bizi evinə dəvət edən Hikmət Yusifov iki oğlunun və övladlarının anasının uzun illərdi yataq xəstəsi olduğunu əyani göstərməklə qarşılaşdıqları çətinliyə diqqəti çəkir. Belə ki, əvvəllər evdəki xəstələrinə kənd həkimləri, tibb bacıları vaxtında gəlib ilkin tibbi yardım göstərə, müalicələr təyin edib həyata keçirirdilərsə, artıq bu məsələ müşkülə çevrilib.

“Mənim üç əlilim var, 1-ci qrup. Bir ana, iki bala. Ana 2018-ci ildə iflic oldu, daha durmağa halı olmadı. Ana 8 əməiyyatdan çıxıb. Özüm də yenicə əməliyyat olunmuşam. Mən əlil uşaqlarımı xəstələnəndə götürüb evdən harasa apara bilmirəm, onlara daim iynə-dərman lazımdı. İstərdim ki, əvvəlki kimi xəstəxanamızda işlər bərpa olunsun, həkim və tibb bacıları rahatlıqla gəlib-getsinlər”.

Hikmət Yusifov ucqarda yaşayan insanların maddi vəziyyətini nəzərə almağın vacib olduğunu da əlavə edib.

Digər kənd sakini Sabir Asvarov deyir ki, gənc oğlunu gecə saatlarında xəstəxanaya gətirsə də, ona da həkimlər ilkin tibbi yardım göstərməyib. Məcbur olub Şəki şəhərinə aparmalı olublar. Təcili Yardım briqadası da gecikdiyindən oğlu yoldaca keçinibmiş.

Sakinlər xəstəxananın hər cür tibbi avadanlıqlarla təchiz edildiyini, həkim və tibbi heyətin də yetərincə professional olduğunu bildirir.

Öyrənirik ki, xəstəxananın kabinetlərindən 5-i terapevt, 5-i uşaq şöbəsi, 5-i isə doğuş şöbəsinə aiddir. Həmçinin xəstəxanada yeni stomatoloji kabinet və müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya mövcuddur.

Birinci qrup Qarabağ əlili Məcnun Əhmədov ilkin tibbi yardım göstərilməsi üçün hər gün Təcili Tibbi Yardıma müraciət etdiyini lakin ucqarda yaşadıqlarından hər dəfə müraciəti qəbul edilmədiyini diqqətə çatdırır:

“Ölkə başçısı bizdən ötrü müasir bir xəstəxana tikib. İki ayağım protez olduğu üçün gedib-gəlməyə imkanım yoxdu. 20 manat oyana, 20 manat da bu yana, mən hardan alım, necə verim?”, – deyə o, bildirib.

Sakinləri narahat edən məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Aşağı Göynük kənd xəstəxanası 2020-ci ildən İcbari Tibbi Sığortaya keçidlə əlaqədar olaraq Aşağı Göynük həkim məntəqəsi kimi fəaliyyətini davam etdirib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin 27 dekabr 2023-cü il tarixli əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən 15 yanvar 2024-cü il tarixdən Aşağı Göynük kənd həkim məntəqəsi İlkin Səhiyyə Xidməti (İSX) şöbəsinin Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzi bölməsində hal-hazırda İlkin Tibbi Sanitariya Yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adlı xidmət həyata keçirilir.

Paylaş: