Rusiya qoşunlarının iyulun 20-də Ukraynanın Nikolayev vilayətinin inzibati mərkəzi olan Nikolayev şəhərinə hücumu nəticəsində 20 nəfərədək sakin yaralanıb.
“Zirvə yolu” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqram kanalında bildirib.
O, qeyd edib ki, atəşdən sonra şəhərdə yanğın baş verib, 18 nəfər yaralanıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 5 uşaq da var.
Hücum zamanı ölənlərin də olduğu qeyd edilir. Lakin onların sayı açıqlanmır.
“Rusiyalılar şəhərin mərkəzini vurub. Qaraj və 3 mərtəbəli yaşayış binası yanır. Yanğınsöndürənlər gəliblər”, – Nikolayevin hərbi administrasiyasının rəhbəri açıqlamasında bildirib.
Şəhərin meri Aleksandr Senkeviç qeyd edib ki, partlayış nəticəsində ünvanlardan birində üçmərtəbəli yaşayış binasının yaxınlığında nəhəng krater yaranıb.
“Yanğın çox təhlükəlidir. Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri artıq hadisə yerində işləyir. Ətrafda xeyli ziyan dəymiş evlər var. Səhər saatlarında kommunal xidmətlərimiz işləyəcək. Digər ünvanda bir neçə qaraj yanır. Xilasedicilər söndürür”, – o əlavə edib.
Rusiya qoşunları iyulun 20-də qanadlı raketlərlə yanaşı, kamikadze pilotsuz uçuş aparatlarından da istifadə etməklə Ukraynaya gecə hücumu həyata keçirib.
Bildirilib ki, Odessa şəhərində, Odessa vilayətində, həmçinin Nikolayev vilayətində və Sumıda bir neçə silsilə partlayış səsləri eşidilib.