Azərbaycan lideri: “Ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq”
“Öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq”.
“Zirvə yolu” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.
“44 günlük Vətən müharibəsi zamanı mən çox sayda müsahibələr verdim. Bu, əsasən, Qərb jurnalistlərinə verilən müsahibələr idi. Onların əksəriyyəti, deyərdim ki, çox aqressiv idi və çalışırdılar Azərbaycanı təcavüzkar kimi təsvir etsinlər. Bilirsiniz, öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq. Əlbəttə, əmin idim ki, videoreportaj hazırlamaq məqsədilə Azərbaycana gəlmiş və mənimlə görüşmək istəyən Qərb jurnalistləri yaxşıca hazırlaşmışlar. Münaqişənin tarixi, kimin təcavüzkar, kimin isə təcavüz qurbanı olması, nəyin baş verdiyi barədə onların bilməməsini təsəvvür etmək sadəlövhlük olardı. Lakin, eyni zamanda, onlar nəinki görüşümüz zamanı vəziyyəti təqdim etməyə çalışırdılar, – çünki Azərbaycanda olarkən çoxlu reportajlar hazırlamışdılar, – onlar çalışırdılar ki, Azərbaycanı təcavüzkar kimi qələmə versinlər. Əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi və biz həmin reallıqda 30 il idi ki, yaşayırdıq. Bu, həqiqətdir”, – Prezident qeyd edib.