Cəmiyyət

Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Meyxanaçı təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Rəşad Dağlı son sözündə bildirib:
“Mənim necə insan olduğumu xalq bilir. Həmişə dövlətimin yanında olmuşam. Bundan başqa mənim iki övladım var, ödənişli təhsil alırlar. Azadlıqdan məhrum edilsəm, necə olacaq. Xahiş edirəm nəzərə alasınız, mənə həbslə bağlı olmayan cəza verəsiz”.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir