Siyasət

Şaiq Vəliyev quru ağacların kəsilməsinə də pul istəyir – İTTİHAM VAR!

 

Prezident İlham Əliyevin ağacların qanunsuz kəsilməsinə dəfələrlə ciddi münasibət bildirib və vurğulayıb ki: “Ağacəkmə kampaniyası çərçivəsində on milyondan çox ağac əkilib və bu proses davam etdirilir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”. Ətraf mühitin qorunmasından danışan prezident bir neçə il bundan əvvəl Azərbaycanda “Ekologiya ili”nin elan edildiyini yada salıb: “Xatırlayıram, o vaxt biz “Ekologiya ili”ndə görülən işləri müzakirə edərkən mən demişdim ki, “Ekologiya ili” hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biridir”. Ölkə başçısı ağacları kəsənlərə qarşı daha ciddi tədbir görülməsindən ötrü aidiyyəti qurumlara səslənərək son xəbərdarlığını edib: “Aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz”.

Bəs görəsən, paytaxtımızda qurumuş ağacların kəsilməsinə nəzarət hansı qurumların səlahiyyətləri daxilindədi. Belə hallarda vətəndaşlar kimlərə müraciət etməli, hansı sənədləri toplamalıdırlar?

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəsmilərinin bildirdiyinə görə əgər ərazidə hər hansı qurumuş ağac varsa, torpaq mülkiyyətçisi kimdirsə ona müraciət olunmalıdır. Yəni yerli icra hakimiyyətinə məlumat verilməlidir. Onlar öz növbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır və rəy alınmalıdır. Rəydən sonra yerli icra hakimiyyəti və ya bələdiyyələr qərar qəbul etməli, daha sonra Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etməlidirlər. Yəni bütün müvafiq materiallar və sənədlər toplanıb Birliyə təqdim olunmalıdır ki, qurumuş ağacı kəssinlər. Prosedur qaydası budur.

Nəsimi rayonu Nəsib bəy Yusifbəyli 4852 ünvanından redaksiyamıza müraciət edən sakinlərin bildirdiyini görə ərazidəki qurumuş ağacların kəsilməsi üçün bütün dövlət qurumlarından, Nəsimi rayon İcra hakimiyyətindən, Nəsimi Bələdiyyəsindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyindən lazım olan rəylər alınıb və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinə təqdim olunub. Lakin artıq bir ay keçməsinə baxmayaraq Birliyin işçiləri ağacları kəsmirlər. Səbəb isə sadədir. Birliyə bu yaxınlarda rəis təyin edilmiş Şaiq Vəliyev müxtəlif bəhanələr uydurur. Şaiq Vəliyev vasitəçi şəxslərlə sakinlərdən qurumuş ağacların kəsilməsi üçün rüşvət tələb edir. Əgər hər şey qanun çərçivəsindədisə, Şaiq Vəliyev niyə pul tələb edir. Bu nəyin haqqıdı?

Mətbuatın yazdığına görə Şaiq Vəliyev Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinə müdir təyin olununa qədər də paytaxt ərazisində birliyin əməkdaşları ilə budama əməliyyatları çox aparıb və çoxlu pullar qazanıb. Hansı ki, budanmış ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Onu da qeyd edək ki, yersiz budanan, sonra da kimsə görməsin deyə hasara alınaraq gecələr kökündən qoparılan ağaclar heç də başqa yerə aparılıb yenidən əkilmir, əksinə, doğranıb satılır.

Sakinlərin müraciəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin 012 492 63 11 qaynar xəttinə zəng edərək şikayətçilərin iradlarını rəsmilərin diqqətinə çatdırdıq. Onlar da araşdırıb bizə məlumat verəcəklərini bildirdilər. Lakin bir həftə keçməsinə baxmayaraq nə redaksiyamıza, nə də sakinlərə bir cavab verməyiblər. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin müdiri Şaiq Vəliyev isə ümumiyyətlə telefon zənglərinə cavab vermir.

Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir