Siyasət

Çunçin şəhərinin nümayəndə heyəti Naxçıvana səfərə gəlib – YENİLƏNİB

Avqustun 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Çin Xalq Respublikasının Çunçin şəhərinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Zirvə yolu” xəbər verir ki, qonaqları salamlayan səlahiyyətli nümayəndə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

2022-ci ilin dekabrından Naxçıvanda fəaliyyətə başlayan yeni idarəetmə institutu, səlahiyyətli nümayəndəliyin fəaliyyəti barədə məlumat verən Fuad Nəcəfli deyib ki, ötən dövrdə Naxçıvandakı mövcud vəziyyət araşdırılıb və ölkə Prezidentinin sərəncamı ilə 5 illik sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib:

“Proqramda kənd təsərrüfatı, energetika, yol infrastrukturu, xüsusi iqtisadi rejimə keçid kimi 11 prioritet istiqamət üzrə layihələr reallaşdırılacaq. Naxçıvan Muxtar Respublikasının ümumilikdə yaşıl enerji məkanına çevrilməsi dövlət başçısının diqqətindədir. Bunun üçün Naxçıvanda 1500 meqavat gücündə yaşıl enerji potensialı mövcuddur”.

Vurğulanıb ki, bu layihələrin reallaşdırılmasında Azərbaycanla Çin arasındakı əlaqələr də önəm kəsb edir.

Qeyd edilib ki, Çin investorları Azərbaycana böyük maraq göstərirlər və Naxçıvanda fəaliyyət göstərən şirkətlər də Çin şirkətləri ilə geniş əməkdaşlıq edirlər.

Görüşdə 2021-ci ildə Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan ən strateji bölgələrindən olan Naxçıvan ilə Çinin ən iri sənaye bölgəsi olan Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına dair Memorandumun imzalanması əlamətdar hadisə kimi qiymətləndirilib, əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov da iştirak edib.

10:54

Çin Xalq Respublikasının Çunçin şəhərinin rəsmi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.
“Zirvə yolu” xəbər verir ki, qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Səfər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşərək, iqtisadi və mədəni əlaqələrin inkişafını müzakirə edəcəklər.

Onlar Naxçıvanın istehsal, xidmət sahələri və turizm resurslarına baxış keçirəcəklər.

Xatırladaq ki, 2021-ci ildə “Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum” imzalanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir