Cəmiyyət

“Nissan” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru qanunlarımızı necə POZUR? – FOTOFAKT

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru qanunlarımızı pozur. Ölkədaxilində malının reklamını və satışını həyata keçirən şirkət qanunvericiliyin müvafiq müddəalarına riayət etmir. Halbuki beynəlxalq praktikada, o cümlədən qabaqcıl ölkələrdə, yerli qanunları pozan şirkətlərin lisenziyası məhdudlaşdırılır.

Şirkət ölkədaxili ticarət mübadiləsi zamanı malının satışını, reklamını və ödəniş sistemini qanunvericiliklə məsuliyyət yaradan xarici valyuta olan dollarla həyata keçirir.

Halbuki Mülki Məcəllənin tələbinə görə, malların qiymətləri istər satış zamanı, istərsə də reklam olunarkən manatla göstərilməlidir.

Son günlər qeyd olunan şirkətin “Facebook” və “İnstagram” səhifələrində müxtəlif modeldə “Nissan” avtomobilinin dollarla satışı reklam olunur.

89 min 900 dollardan başlayaraq təklif olunan avtomobilin açıq reklamı gedir.

“Qalib olmaq həmişə maraqlıdır, çünki daim inkişafdasan. İnkişaf həyəcanlandırır, hərəkəti hiss etdirir. Əfsanəvi Nissan Patrolu idarə edin, onu kəşf edin, onu hiss edin. Standartlara meydan oxuyun.

NISSAN PATROL – 89 900$ -dən başlayan qiymətlərlə” – deyə elanda qeyd olunub.

Şirkət tərəfindən Azərbaycan qanunvericiliyinə zidd addımın atılması ciddi müzakirələr yaradıb.

Hüquqşünaslar qanunvericiliyin müvafiq müddəalarını pozan və reklamını dollarla aparan şirkətin cəzalandırılması tələbi ilə çıxış ediblər.

Ümumiyyətlə, Azərbaycanda buna bənzər hallar kifayət qədərdir. Amma malların dollarla təklif olunmasına görə heç kəs məsuliyyət daşımır.

Bəs açıq təbliğat niyə görməzdən gəlinir?

Bizim.Media məsələnin hüquqi izahını xatırladır:

İstənilən əmlakın satış qiymətinin dollarla qeyd və təklif olunması qanuna ziddir. Ölkədaxili dövriyyələrdə manat olduğu üçün qanun buna riayət olunmasını və bütün satışlarda, elanlarda milli pul vahidindən istifadəni tələb edir.

Qeyd edək ki, Azərbaycanda Konstitusiyaya əsasən ödəniş vasitəsi kimi yalnız milli pul vahidi olan manatdan istifadə olunur. Konstitusiyanın 19-cu Maddəsində yazılır:

1. Azərbaycan Respublikasının pul vahidi manatdır.

2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.

3. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

2015-ci il mayın 15-də qüvvəyə minmiş “Reklam haqqında” qanunun 4-cü maddəsinin (Reklama dair tələblər) 4.9 bəndinə əsasən reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir. “Reklam haqqında” qanunda yazılıb ki, bütün məhsulların qiymətləri milli valyutada göstərilməlidir.

Bundan əlavə Azərbaycanda “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” qanun da qüvvədədir.

Bu qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu ifadə edən 13-cü maddəsində göstərilib ki, satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

“Nissan” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru qanunlarımızı necə POZUR?
“Nissan” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru qanunlarımızı necə POZUR?
 //bizim.media//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir