Cəmiyyət

“Bu qabiliyyəti Allah bir mənə verib, bir də…” – Könül Xasıyeva

APA TV-dəki “Günün yarısı” verilişində qonaq olan Könül Xasıyeva ilə əvvəlcədən bu cür razılaşmışdıq ki, veriliş bitər-bitməz görüşüb, ondan müsahibə götürəcəyəm. Lakin studiyaya girəndə bir anlıq gözlərimə inanmadım, otağı qəhqəhə sədaları bürümüşdü, elə bil ifaları ilə dinləyiciləri sözün həqiqi mənasında ağlar qoyan Könül Xasıyeva getmiş, yerinə hansısa komediya aktyoru gəlmişdi. Şirin sözləri, baməzə zarafatları mənimlə birlikdə şəkil çəkdirmək üşün studiyaya doluşan əməkdaşlarımızı da çaşdırmışdı. Özü isə buna belə açıqlama gətirirdi: “Oxuyanda ağladıram, heç olmasa, danışanda güldürüm”.
Üstəlik səs operatorumuzla zarafatından da qalmadı. Bir hissəsi, yaxasına, digəri belinə taxılmış mikrofonu çıxarmaq istəyən əməkdaşımıza: “Ədə, nə edirsən, buna bax e, gör neynir?” Hamı güldü. Selfilər, şəkillər çəkildi. Bu dəm yenə Könül xanımın “Pis işi yox idisə, niyə otaqdan çıxırdı?” sözləri yenə gülüşə səbəb olub. Doğrudan da əməkdaşımız mikrofonu Könül xanımın yaxasından çıxarandan sonra otaqdan çıxmışdı.
Yadıma gəlir, hardasa 27 il əvvəl onu bibimin toyuna gətirmişdilər. Toy başlayana qədər qadınlarla birgə evdə oturanda onu yaxından görmüşdüm. Doğrusu, yadımda qalmayıb, Könül Xasıyeva onda da belə zarafatcıl idimi?
Amma yadımda qalan odur ki, o toya baxmağa təkcə dəvət olunanlar, kəndimizin camaatı deyil, ətraf kəndlərdən də eşidən-bilən hamı axışmıışdı. Könül Xasıyevanın ifası neçə gün onu dinləyənlərin qulaqlarından getməmişdi. Neçə gün hamı o toydan danışmışdı.
Hə, mən onda uşaq idim. Onun məşhurluğu isə Azərbaycanı şəhər-şəhər, qəsəb-qəsəbə, kənd-kənd dolaşmaqdaydı… Neçə-neçə mahnı yalnız onun ifasında anılırdı…
İndi onunla yanaşı oturub söhbətləşmək mənimçün bir növ özümün neçə illər əvvəl arxada qoyub gəldiyim uşaqlığıma qayıtmaq kimi bir şeydi. Könül Xasıyeva ilə söhbət illərin bu tayından o tayına, neçə-neçə doğmamın gülüşünü, simasını qoyub gəldiyim o illərə boylanmaqdı. Onun üçün Könülün səsi indi məndən ötəri, təkcə səs deyil, üstünə neçə-neçə anların sərildiyi, bu gündən o illərə uzanan xatirələr simidi.
Onun bu qədər şən, gülərüz olmağına gəldikdə isə… Bunu Könül Xasıyevanın Şəkidən olmağı ilə də əlaqələndirmək olar. Ancaq bəlkə də bu, özünün də müsahibədə deyəcəyi kimi, “Əzrayılla üz-üzə gəlmiş” bir adamın elə Əzrayıla üsyanı, həyatdan daha möhkəm-möhkəm tutunmaq istəyi, cəhdidir…
***
Xalq artisti Könül Xasıyevanın APA -ya müsahibəsi
– Könül xanım, noyabrın 1-i və 2-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəksiniz. Konsert vermək ideyası hardan yarandı?
– Mən bir neçə müddətdir ki, səhhətimlə bağlı problemlər yaşayırdım, səhnədən uzaq düşmüşdüm. Sənətkar isə həmişə səhnədə olmaq istəyir. Sənətkarlar digər insanlardan fərqli olaraq bir az duyğusal, həssas insanlardırlar. Üstəlik nəzərə alsan ki, mart doğumlu, balıq bürcüyəm, gör, indi mən necə həssasam. Biz sənət adamları evdə çox darıxırıq. Darıxmaqdan ölə bilərəm. Mən sənətim üçün darıxıram, səhnə üçün darıxıram, muğam üçün darıxıram, xalqım üçün darıxıram. Keçən dəfə məndən soruşurlar ki, Könül xanım, elə bil bir az da kilo almısınız. Deyirəm yox, tamaşaçılarımdan ötəri şişmişəm (gülür). Səhnədən ayrılanda sənətkar xəstə olur. Ona görə də konsert vermək qərarına gəldim.
– Səhhətinizlə bağlı səhnədə çətinlik yaşamayacaqsınız?
– Allah cənab Prezdentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya can sağlığı versin. Leyla xanım həm məni, həm də oğlum Kazımı himayayə götürüb, mütəmadi olaraq müayinə, müalicə olunuruq. Hələ ki, səhhətim qaydasındadır. Konsertin də öhdəsindən necə lazımdır gələcəm.
– Konsertin məşqləri gedir?
– Məşqlər üç aydır gedir.
– Konsertdə yeni mahnılar ifa edəcəksiniz?
– Yeni mahnılar olmayacaq, ancaq köhnə repertuarı yeni tərzdə təqdim edəcəyəm. Muğam, xalq mahnısı elə bir sahədir ki, orda yeni mahnıdan çox, yenilənmiş, gəncləşmiş mahnılardan danışa bilərik. Ola bilsin konsertdə gənc ifaçılardan kiminləsə musiqi ifa edim. Bir də Namiq Qaraçuxurlu ilə çıxışımız olacaq.
– Sizin dinləyiciləriniz elə bil daha çox yaşlı nəsildir. Razısınız?
– Yox, mənə yaşlı nəsildən çox gənclər qulaq asırlar. Bunu birbaşa olaraq Mehriban xanımın Azərbaycanda keçirdiyi muğam müsabiqələri ilə əlaqələndirirəm. 80-ci illərin axırlarında muğamımız reanimasiyada idi, can verirdi. Məni məclisə çağırıb oynaq, şən musiqilər istəyirdilər. Adıma görə toya çağırırdılar, ancaq muğam istəmirdilər, çünki muğamdan anlayışı olanlar azalmışdı. Mehriban xanım ölməkdə olan muğamımıza yeni nəfəs, yeni can verdi. Bunun sayəsində gənclərin də muğama sevgisi, marağı xeyli artdı.
– Nə əcəb konsertlə bağlı anonslar verilmir?
– Təəssüf ki, kanallarda anonslar olmadı. Yaxşı ki, mənim sənət dostlarım İnstagram səhifəsində konsertlə bağlı anonslar paylaşdılar. Bir də saytlarda konsertin anonsu getdi.
– Özünüzün İnstagram səhifəniz yoxdur?
– Əvvəl var idi. Xəstələnəndə hövsələm tutmurdu, işlətmək çətin olurdu, sonra bağladım. İndi yenidən açmışam, hələ heç min nəfər izləyicim yoxdur.
– Adətən indi müğənnilərin çoxu plastik əməliyyatla arıqlamağa çalışırlar. Siz nə əcəb plastik əməliyyat etdirmirsiniz?
– Həkim qoymur, icazə versə, mən də elətdirərəm. Mənim yüksək şəkərim və təzyiqim olur deyə həkimlər əməliyyata qəti icazə vermir. Hacı Nuran isə heç razı olmur (gülür). Amma çox istəyərəm. Çünki xəstəliyin birinci əlaməti köklükdür.
Birdən əli ilə mənə işarə edir.
– Məncə, bir az idmana ehtiyac var. Cavansız.
Qeyri-ixtiyari qarnıma baxıram.
– Düz deyirsiz, gərək mən də bir az arıqlayım.
– Hə, mütləq. Xəstəliyin birinci etapı köklükdür.
– Başqa müğənnilərlə müqayisə etsək, siz heç zaman xarici görkəminizə önəm verməmisiniz.
– Xarici görünüş, əlbəttə ki, lazımdır. Ancaq mən elə də önəm verməmişəm.
– Elə bil daha çox səsinizə güvənmisiniz. Müğənni var, xarici görkəminə də daim diqqət edir.
– O, yəqin səsi olmayanlardır. Mənim üçün əsas sənət, bir də iç gözəllik önəmlidir.
– Onun üçün xarici görünüşünüzə heç zaman önəm verməmisiniz?
– Xarici gözəlliyim də hər zaman yerində olub.
– Xahiş edirəm, başqa cür başa düşməyin.
– Yox, heç nəyə qarşı mənim kompleksim yoxdur, nə desən cavabını alacaqsan, vaxtında ailə qursaydım, sən boyda oğlum var idi.
– Düzdür, Siz mənim bibimin toyuna gələndə, əl boyda uşaq idim…
– (Gülür). Bax, qaşıma-gözümə bax, bir az diş tökülüb, bir az saç ağarıb… Bilirsiniz nədir?.. Bunu deyirəm, kövrəlirəm… Allah məni 53 il yaşadıb, həm də hörmətli yaşadıb. Bu, hər insana nəsib olan şey deyil. Qarğa da 300 il yaşayır, ancaq o da ömürmü? Əlli yaş yarım əsrdir, Allah mənə yarım əsrdən də çox ömür verib.
– Xoşbəxt yaşamısınız, taleyinizdən razısınız?
– Bəli. Birincisi, ona görə xoşbəxtəm ki, bu ölkənin vətəndaşıyam. İkincisi, ona görə xoşbəxtəm ki, bizim millətin özünə məxsus olan milli dəyərləri var.
– Bu, şəxsi xoşbəxtlik olmadı.
– Mən öz şəxsi xoşbəxtliyimi ictimai xoşbəxtliyimdə tapıram. Qonşumda biri ac olsa, mən tox ola bilərəmmi?
– Bir ara sanki unudulmuşdunuz.
– Ola bilməz. Mən unudula bilmərəm. Deyim niyə? Mən çox böyük sənətkarlardan dərs almışam. Allah Şövkət Ələkbərovaya rəhmət eləsin, mənim həm sənət müəllimim, həm də mənəvi anam olub. Allah Arif Babayevə can sağlığı versin. Mən Arif Babayevdən muğamın sirlərini öyrənmişəm. O insanları mən həyatda görmüşəm. Mən kimləri görməmişəm! Balaca idim, düzdür, balaca olsam da həmişə iç dünyamda məndən15-20 yaş böyük başqa Könül olub. Məndən uşaqlığım haqqında soruşanda deyirəm, mən uşaqlıq yaşamamışam, mən xanəndə doğulmuşam. Xanəndə olaraq da dünyamı dəyişəcəm.
– Toylara yenə gedirsiniz?
– Olsa, gedərəm.
– Dəvət eləmirlər?
– Atam yanvar ayında dünyasını dəyişdi. Biz artıq 3-4 ay öncədən vaxtını dəqiqləşdirdiyimiz üçün konserti təxirə sala bilmədik. Konsertdən sonra daha Bakıda qala bilmədim, Şəkiyə getdim. Hər şeydən uzaqlaşdım, həm özümlə baş-başa qalmaq, həm də səsdən-küydən uzaqlaşmaq istədim.
– Həm də konsertin yorğunluğu…
– Konsertin yox, illərin yorğunluğunu atmaq istədim. Elə bilirəm, buna da nail oldum, anamla bir yerdə qaldım. Baxmayaraq ki, anam yaddaşını itirib, o, bizi çox çətin tanıyır, ancaq biz onu tanıyırıq axı, o, bizim anamızdır. Ona görə anamın yanında olmaq istədim, bütün stresimi atdım, gecə-gündüz onun qoynunda oldum, onun qoxusunu ala-ala beş ay Şəkidə qaldım. Məncə, xeyli yaxşılaşdım.
– Toydan sual vermişdim.
– Hə, hə, aralı düşdüm. Hamı bilirdi ki, rayondayam. Düzdür, çağırırlar, ancaq səhhətimlə bağlı toylara da çox gedə bilmirəm. İndi yalnız tanıdığım adamların toyuna gedirəm. Daha əvvəlki kimi gedib bütün toyu oxuyum, ona imkanım yoxdur.
– Qiymət danışırsınız?
– Yox-yox, mən heç vaxt qiymət danışmamışam.
– Əvvəllər də toylara gedəndə qiymət danışmırdınız?
– Qiymət danışmışam, qiymət oxumamışam.
– O vaxt sizə eşq elan edən çox idi?
– Olub. Ağsu rayonunda. Oğlan diş həkimi idi. Xalası mənə yaxınlaşdı, dedi bacımın oğludu, pəncərədən göstərdi. Mən təbii ki, razılaşmadım, mənim böyüklərim var. Mən kiməm ki, razılıq verim?! Şəkidən də bir oğlan vardı. Hətta konservatoriyanın qabağına gəlmişdi, özü ilə bacısını da gətirmişdi. Doğrusu, deyim ki, mənim o vaxt toyların əlindən ailə haqqında düşünməyə vaxtım yox idi. Onda bilirsiniz toylara necə gedirdik? Üç ay sonraya da toy danışırdıq. Oğlan isə istəyir ki, sevdiyi qız yanında olsun. Mən də gündə bir rayondayam.
– Ailəni karyeraya qurban verdiniz.
– Karyeraya yox, sənətə. Mənim sənətə qurban verdiyim şeylər çoxdur. Ancaq peşman deyiləm. Niyə? Çünki xalqın sevimlisinə çevrilə bilmişəm.
– Toylarda başınıza hansı maraqlı hadisələr gəlib? Heç sizə görə dava düşüb?
– O qədər olub… araq butulkaları göydə uçuşub. Ad çəkməyəcəm, bir dəfə rayonlardan birində toydaydıq. İki günlük məclis idi. Birinci günü kənardan gələn qonaqlar üçün, ikinci gün isə kənd camaatı, toy sahibinin öz qohum-əqrabası üçün oxuduq. Toyun sonuna bir-iki saat qalmış bir nəfər gəlib bizim stola yaxınlaşdı ki, “Baleyli” mahnısını oxuyun. Bizim çalğıçı da deyir ki, “Baleyli” mahnısı yoxdur axı, “Muleyli” var. Dedi yox, “Muleyli” oxuyun, ancaq o yerinə çatanda “Baleyli” deyin. Özü də ikiəli ilə stoldan yapışıb, ayaq üstə dayana bilmir. Nə isə hay-küyə toyun sahibi gəldi. Məsələni öyrəndi, biz dedik indi, onu çölə çağırıb sakitcə izah edər. O isə oğlana birdən qəfil şillə vurdu (gülür). Mən dik atıldım. Oğlan da buna bir yumruq vurdu, toyxananın o tərəfi burdan, bu biri tərəfi də o yandan gəldi, düz bizim stolun qabağında savaşmağa başladılar. Butulkalar havada uçuşmağa başladı. Bizim stolun arxa hissəsindən də çadırda səhnə pərdəsi kimi ara vardı. Ansamblın uşaqları arada çıxıb orda siqaret çəkirdilər. Bir də baxdım ki, yanımda heç kəs yoxdu. Bunu fərq edəndə gördüm ki, o pərdə kimi yerdən bir əl məndən yapışıb qırağa çəkdi. Görəm bizim klarnetçalan, dedi görmürsən, davadır, niyə oturmusan? Bax, belə maraqlı hadisələr çox olurdu.
– Ansamblınıza qarşı çox tələbkar olmusunuz?
– Mən heç nə demirdim. Onlar özləri xarakterimə bələd idilər. Sevmədiyim bir şey var, o da siqaretdir. Mənə bəzən deyirdilər ki, siqaretin tüstüsü səsinə təsir edər. Amma inanın ki, zərərindən çox düşünürəm ki, qadının yanında siqaret çəkmək etik deyil.
– Səsiniz əvvəlki kimi qalıb?
– Səsim yerindədi. Mənim danışıq səsim ayrıdır, ifa səsim ayrı. Bu qabiliyyəti Allah bir mənə, bir də İbrahim Tatlısəsə verib. Onun da səsi danışanda bir az xırıldayır.
– Könül xanım, vaxtilə “Xatırlayarsan məni” adlı mahnı oxuyurdunuz. Sənət dostlarınız sizi tez-tez xatırlayırlar?
– Xatırlayan da var, xatırlamayan da.
– Ümu-küsü edirsiniz?
– Umu-küsü edə biləcəyim dostlarım xatırlayırlar, xatırlamayanlar əslində ummadıqlarımdır.
– Xatırlayanlar çoxdur, yoxsa xatırlamayanlar?
– Xatırlayanlar azıdr. Niyə? Çünki o əqidədə olan insanlar azdır.
– Bir neçə il əvvəl belə bir səhnə yayılmışdı. Mətanət xanımın (müğənni Mətanət Əsədova – red.) doğum günündə müğənnilər əlinizə pul basmışdılar. Bu, tamaşaçıları hiddətləndirmişdi ki, dünyanın işinə bax, səsinə görə Könül xanımla adı yanaşı çəkilməyəcək insanlar onun əlinə pul basırlar.
– Gəlin, məsələyə düz baxaq. Mənim elə vaxtlarım olub, elə bilmişəm, Əzrayıl gəlib, getməliyik, demişəm, a kişi, mən sənə nə deyirəm? Dur getdik. Ölümün də gözünə düz baxmışam, düz olsan, xalq səni sevəcək. Xalqın gözü tərəzidir. Xalq hiddətlənməmişdi, xalqı bir para yazarlar hiddətləndirmişdi. Bizim ustad sənətkarlarımızın hamısı, muğam oxuyanlarımız, aşıqlarımız məclislərə gedib şabaş yığıblar. Dəyərlərimizdən biri də şabaşdır. İndi mən necə edim ki, bu adət məndən qabaq olub, toylarda şabaş yığıblar? Xalq sənəti sevir, sənətkarı sevir, ona şabaş verir. Bu hadisəni bilirsiniz nəylə əlaqələndirdilər? Məni acizləşdirdilər. Guya xəstəliyimə görə müğənni dostlarım mənə şabaş veriblər. Bəs 20-25 il öncə Könül Xasıyeva toyda oxuyanda niyə pul verirdilər? Onda da səsimə görə pul verirdilər. Mən gözləməli idim ki, varlı şabaş verəndə götürüm, kasıb şabaş verəndə götürməyim? Bu da həmin şeydir. “Könül xanımdan sənətdə aşağı olanlar gətirib ona şabaş veriblər” fikri düzgün deyil. Əvvəla, Mətanət xanımın çox yanıqlı səsi var. İkincisi, 2017-ci ildə mənim səhhətim çox pis idi, heç yaşamağa gümanım yox idi. Ona görə oğlumun 10 yaşını toyla elədim. Boynuna kəlağayı atdım, barmağına üzük keçirdim, “Vağzalı” çaldırdım. Hələ bilmirəm nolacaq. Bəlkə elə bir an gələcək, fikirləşəcəm yaxşı ki, bunu elədim. Bəlkə də elə bir an gələcək, deyəcəm ki, əşşi, bir arzu idi eləmişdim, şükür, Allah qismət elədi, oğlumun toyunu da gördüm. Bu, həyatın işidir. Ancaq həmin ad günündə Mətanət xanım elə iştirak etmişdi ki, bütün məclisdəkilər heyran qalmışdılar. Mətanət xanımın ad gününün olduğunu eşidəndə isə mən rayonda idim. Bir dəyərli qardaşım zəng vurub xəbər verdi. Mən də ona özümü mənəvi cəhətdən borclu bilirdim. Saat 3 idi. Axşam 7-də də tədbir başlayırdı. Tez hazırlaşdım, Şəkidən maşına oturub Bakıya gəldim. Saat ona işləmiş Bakıya çatdım, saraya girib ifa elədim, ordan da çıxıb təzədən Şəkiyə qayıtdım. Bunu eləmək mənim Mətanətin qarşısında borcum idi.
– Könül Xasıyeva hansı ifası ilə muğam sənətində yadda qalacaq. Hansı mahnının altına möhrünüzü vurmusunuz?
– Sizin APA TV-də mənə dedilər ki, verilişə çıxmağınızla bağlı anons yığılacaq. Mən də xahiş etdim ki, anonsu “Gecələr” mahnısının üzərində yığsınlar. Çünki bu mahnı elə bilirəm ki, mənim üçün pasportdur. “Gecələr” mənim ifamda sevildi, xalq qarşısında da yüksək sevgi ilə qarşılandı. Bilirsiniz mənə nə dedilər? Könül Xasıyeva nə ifa edibsə, hamısı pasportdur. Ona görə sizin sualınıza mən belə cavab verirəm: Könül Xasıyeva sənətini sevənlər üçün onun ifa elədiyi hər şey xalqın yaddaşında qalacaq.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir