Cəmiyyət

“Çömçə balıq” ovu və “xan”ın əsl günahı – Replika

“Xan” əyyamında ən çox tənqid etdiyim və nəticədə işdən uzaqlaşdırılan polis rəislərindən biri sərəncama göndərildiyi gün mənə zəng edib öz təşəkkürünü bildirdi. Dedi ki, sənin hədəfinin mən olmadığını anlayırdım, ona görə də səndən qətiyyən incimirəm də. Əksinə hesab edirəm ki, sən bir bina tikirdin, mən də sənin əlində əmək aləti idim. Əlbəttə ki, bir binanın inşa olunması üçün palçıq qarışdırdığın belin ağzı əyilməlidir. Mən də özümü o bel kimi hiss edirəm və ümidvar olmaq istərdim ki, sən inşasına başladığın binanı uğurla tamamlayacaqsan. Sənə başarılar. Təəssüf ki, bu işdə sənə arzuladığım dəstəyi verə bilmədim və bilməyəcəyəm.
Adamın bu sözləri məni xeyli mütəəssir etmişdi. Sevinirdim ki, belə anlayışlı insanlarımız var və bu gedişlə Naxçıvan mütləq xilas olacaq.
Etiraf edim ki, “xan”la mübarizədə çox adamın maraqlarını tapdalamışam. Onlar arasında haqqında bəhs etdiyim polis rəisi kimi çox az adam var. Bir çoxları hələ indiyədək mənim əleyhimə danışır, təbliğat aparır. Mən onları da başa düşürəm və incimirəm. Çünki niyyətimdən asılı olmayaraq onları mən də incitmişəm. Amma mənim başqa seçənəyim də olmayıb. “Xan” həzrətlərinin vəhşi və barbar idarəçiliyinin ölkəyə nə qədər zərər vurduğunu sübuta yetirmək üçün əmr qulları olan həmin adamların törətdiklərini dilə gətirməsəm, məqsədimə çata bilməzdim. Dolayısıyla onlar da yanmalı idi.
Onu da səmimi şəkildə etiraf edim ki, mənim “xan”la da şəxsi ədavətim yox idi. Mənim problemim onun idarəetmə yöntəmiydi və əslində “xan”a qarşı yox, “xanlığa” qarşı mübarizə aparırdım. Ən böyük hədəfim isə onun Naxçıvanı Azərbaycandan fərqli siyasətlərlə idarə etməsi idi. Hesab edirdim ki, Vasif Talıbov bu idarəetmə üsuluyla Naxçıvanı Azərbaycandan ayrımağa çalışır və bu mənim üçün qırmızı cizgiydi. Onun dövlət əmlakını mənimsəməsi, korrupsionerliyi məni az narahat edirdi. Düşünürdüm ki, “xan” bu azgözlü ilə Azərbaycanın bir çox nazir və komitə sədrlərini heç də geridə qoymur, qoya da bilməzdi. Amma onun şüurlu və ya şüursuz şəkildə separatizmə yuvarlanması bağışlana biləsi səhv deyildi və biz buna qeyd qalmamalıyıq.
İndi qulağıma Naxçıvandakı iri məmurlarından bəzilərinin məni qınayan ittihamları gəlib çatır. Onlara da tövsiyə edirəm ki, hadisəyə özünü əmək aləti kimi görən, adını gizli tutduğum polis rəisi kimi baxsınlar. Və özlərinin də bir işə yaradıqlarına görə qürur hissi keçirsinlər.
Sonda onu qeyd etmək istəyirəm ki, mən yeni canişindən də eyni addımları sezsəm, ona qarşı ilk üsyan bayrağını qaldıranlardan olacağam. Amma artıq “çömçə balıq”larla uğraşmaq niyyətində deyiləm. Siz də yəqin ki, məni başa düşər və “çömçə balıq” ovuna çəkməzsiniz.

Heydər Oğuz
Ovqat.com-un baş redaktoru

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir