Cəmiyyət

Goranboyda xəstə vətəndaş ÇƏTİN DURUMDA… – Xəstəsənsə, mütləq ölməlisən?

Goranboy rayon sakini, hazırda Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan 21 yaşlı Cavid Əhmədov ürək əməliyyatı keçirib. Bu səbəbdən də heç yerdə iş tapa bilmədiyini deyir.

“Koronavirusa qarşı peyvənd ediləndən sonra ürəyimdə və gözlərimdə problemlər yarandı. Bakıdakı həkimlər riskli olduğunu bildirərərək əməliyyatdan imtina etdilər. Dayımın köməkliyi ilə Rusiyada ürəyimdən əməliyyat olundum. İndi küçələrdə qalmışam, heç yerdən yardım ala bilmirəm”, – gənc Meydan TV-yə şikayətlənir.

Onun sözlərinə görə, atası vəfat edib, anası isə Rusiyada yaşayır və ona sahib çıxmır:

“Baxıma möhtacam. Anam Rusiyadadır, o da daxil olmaqla heç bir qohumum mənə sahib çıxmır. Dayım da əməliyyatımı öhdəsinə götürmüşdü. Qonşularım bəzən yemək gətirirlər. Əlacsız vəziyyətdə qalanda küçələrdə dilənirəm”,-şikayətçi bildirib.

Cavid Əhmədovun sözlərinə görə, pensiya ilə bağlı bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Xəstəxanaya müalicəyə göndərilib, son nəticədə isə ya müraiət formasının düzgün yazılmaması, ya da başqa səbəblərdən imtina cavabı alıb.

Şikayətçi deyir ki, yayda dilənib dolanır, qışda vəziyyətinin necə olacağını bilmir:

“Bəzən günlərlə ac qalıram. Çox istidə, yağışlı havalarda dilənə də bilmirəm. Bu vəziyyətdə yaşamaq dəhşətdir. Gündəlik çörək ala biləcək qədər sosial yardım edilməsi üçün bütün dövlət qurumlarına müraciət etmişəm”.

Gəncə Rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin şəxs icra hakimiyyətinə müraciət etməyib. O, Goranboy rayonunda qeydiyyatda olduğundan problemləri ilə bağlı həmin rayona müraciət edə bilər.

Goranboy Rayon İcra Hakimiyyətindən də onlara belə bir şikayət daxil olmadığını, şəxsin Gəncədə yaşadığını deyiblər.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə araşdırmadan sonra açıqlama veriləcəyi bildirilib. //meydanTV//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir